IMG-LOGO

Bakı Olimpiya Stadionunda WUF13 üçün infrastruktur yaradılır

26 Dec 2025 10:34 2 baxış
IMG

Bakı Olimpiya Stadionunda Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyasının (WUF13) geniş miqyasına uyğun infrastruktur hazırlanır, tikinti işlərinə artıq start verilib.

"Report" xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında WUF13 Azərbaycan Əməliyyat Şirkətinin Media Əlaqələri üzrə Meneceri Eldar Rəsulov bildirib.

Onun sözlərinə görə, forumun uğurla keçirilməsində könüllülər də mühüm rol oynayır: "Bu məqsədlə Könüllülər Mərkəzi yaradılıb və qeydiyyat dövründə 16 min müraciət qeydə alınıb. Təlimdən uğurla keçən 2 500 könüllü tədbirin müxtəlif sahələrində fəaliyyət göstərəcək. Tədbirin məkanı olaraq Bakı Olimpiya Stadionu seçilib və hazırda tədbirin geniş miqyasına uyğun infrastruktur hazırlanır. Tikinti işlərinə artıq start verilib. Forumun təşkili zamanı davamlı inkişaf prinsiplərinə xüsusi önəm verilir və tədbirin ISO 20121 standartına uyğun keçirilməsi nəzərdə tutulur".

E.Rəsulov vurğulayıb ki, stadionda ümumilikdə 92 min kvadratmetri əhatə edəcək konfrans zallarının və digər infrastrukturun quraşdırılması nəzərdə tutulur: "Forum çərçivəsində təşkil olunacaq "Urban Expo" sərgisində 35 min kvadratmetr sahədə ölkələr, şəhərlər, bələdiyyələr, regional qurumlar, BMT təşkilatları, akademik institutlar, beynəlxalq maliyyə və vətəndaş cəmiyyəti təşkilatları, fondlar və özəl şirkətlər iştirak edə biləcək".

O əlavə edib ki, WUF13 hər kəs üçün açıq olan platformadır, qeydiyyat ödənişsizdir: "WUF13-də iştirak üçün qeydiyyat prosesi bu ilin sentyabr ayından BMT-Habitatın rəsmi internet səhifəsində başlanıb. Bundan başqa, forum zamanı iştirakçıların rahat şəkildə məkana gəlməsi üçün nəqliyyat məsələlərinə xüsusi diqqət yetirilir. Nəqliyyat Mübadilə Mərkəzlərinin Baş Planı hazırlanıb və 11 nəqliyyat habı müəyyən edilib. Marşrutların Heydər Əliyev Beynəlxalq Hava Limanı, otellər, şəhər mərkəzləri və Bakı Olimpiya Stadionu istiqamətləri üzrə xəritələnməsi işləri davam edir".

Xəbər lenti