Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyasının (WUF13) keçirilməsi Azərbaycanın son onillikdə ev sahibliyi etdiyi beynəlxalq tədbirlər nəticəsində formalaşdırdığı yüksək təşkilati və əməliyyat potensialının davamı kimi dəyərləndirilir.
"Report" xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında WUF13 Azərbaycan Əməliyyat Şirkətinin Media Əlaqələri üzrə Meneceri Eldar Rəsulov bildirib.
Onun sözlərinə görə, WUF13 zamanı təhlükəsizlik və insan axınına nəzarət məsələləri xüsusi əhəmiyyət kəsb edir: "Hüquq-mühafizə orqanları ilə mütəmadi görüşlər keçirilir və tədbir zamanı məkanda BMT-nin təhlükəsizlik xidməti tərəfindən də nəzarət həyata keçiriləcək. Forumun keçirilməsi, Azərbaycanın son onillikdə ev sahibliyi etdiyi beynəlxalq tədbirlər nəticəsində formalaşdırdığı yüksək təşkilati və əməliyyat potensialının davamı kimi dəyərləndirilir. Xüsusilə COP29 zamanı on minlərlə iştirakçının, yüzlərlə rəsmi nümayəndə heyətinin və beynəlxalq medianın cəlb olunduğu proseslər ölkənin logistika, təhlükəsizlik, nəqliyyat, könüllülər proqramı, akkreditasiya və media əməliyyatları üzrə hazırlıq səviyyəsini nümayiş etdirib və bu təcrübə WUF13 üçün möhkəm institusional baza yaradıb".
E.Rəsulov sonda vurğulayıb ki, WUF13 yüksək səviyyədə təşkil olunacaq və Azərbaycanın şəhərsalma sahəsinin inkişafına töhfə verəcək.