Türkiyə bazarında Azərbaycan mallarının mövcudluğu çox aşağı səviyyədədir.
"Report" xəbər verir ki, bunu Azərbaycanın Türkiyədəki ticarət nümayəndəsi Tamerlan Tağıyev Bakıda keçirilən "Türkiyə bazarına çıxış: İxrac, hüquqi və praktiki aspektlər" mövzusunda tədbirdə bildirib.
"Bu günə qədər əlbəttə ki, əsas işimiz Türkiyədən iş adamlarının Azərbaycana cəlb olunması, onların burada dövlətin tövsiyə etdiyi layihələrdə iştirak etməsi, ölkəmizə investisiya qoyması olub. Eyni zamanda məqsədlərimiz bizim mal və xidmətlərimizin Türkiyədə tanınması və satışı, iki ölkə arasında texnoloji transferin baş verməsidir. Həmçinin Azərbaycan və Türkiyə şirkətlərinin birlikdə üçüncü ölkələrdə hər hansı bir layihələrdə və yaxud başqa təşəbbüslərdə iştirakını təmin etməyə çalışırıq, bu barədə araşdırmalar aparırıq", - deyə o qeyd edib.