Azərbaycanın qeyri-neft ixracının genişləndirilməsi və yerli istehsalçıların xarici bazarlarda tanıdılması istiqamətində ardıcıl addımlar atılır. Bu prosesdə iqtisadiyyatda qeyri-neft sektorunun payının artırılması kimi strateji hədəfi olan İxracın və İnvestisiyaların Təşviqi Agentliyi – AZPROMO vacib rol oynayır. AZPROMO yerli şirkətlərə məhsullarının beynəlxalq tədbirlərdə təqdimatı, tərəfdaşlarla əlaqələrin qurulması və yeni bazarlara çıxış imkanlarının artırılması baxımından təşviq mexanizmləri ilə dəstək göstərir. Agentliyin dəstəyi ilə Azərbaycan şirkətləri müntəzəm olaraq xarici və yerli sərgilərdə uğurla iştirak edir, o cümlədən öz məhsullarını "Made in Azerbaijan" vahid ölkə stendlərində nümayiş etdirir.
Bu uğurlu nümunələrdən biri də "Grand Agro" MMC-dir. Təbii istehsal yanaşması və keyfiyyətə xüsusi həssaslıq şirkətə məxsus olan "Olivea" zeytun yağı brendini qısa müddətdə həm yerli bazarda, həm də ixracda seçilən məhsullardan birinə çevirib. Şirkətin hazırda 5 min hektara yaxın zeytun və badam bağlarının olması istehsalın dayanıqlılığı və xammal təminatı baxımından mühüm üstünlük kimi dəyərləndirilir.
"Olivea" məhsulları müasir avadanlıqlarla, xüsusilə soyuq sıxım üsulu tətbiq olunmaqla istehsal edilir. İstehsalın hər mərhələsində məhsulun təbiiliyinin qorunmasına və keyfiyyət standartlarına uyğunluğa diqqət yetirilir. Nəticədə, brend istehlakçıların gözləntilərinə cavab verən, sabit keyfiyyət göstəriciləri olan zeytun yağları təqdim edir.
Bu yanaşma "Olivea"nın ixrac coğrafiyasının genişlənməsinə də zəmin yaradıb. Hazırda "Grand Agro" şirkətinin məhsulları Rusiya, Belarus, Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ), İsrail, Sinqapur və Türkiyə kimi bazarlara ixrac olunur.
Brendin beynəlxalq etimad qazanmasında müstəqil qiymətləndirmələrdə əldə edilən nəticələr də mühüm rol oynayır. "Olivea" muxtar qeyri-kommersiya təşkilatı "Rusiya Keyfiyyət Sistemi" (Roskaçestvo) tərəfindən aparılan testlərdə yüksək göstəricilərlə fərqlənərək ən keyfiyyətli yağlar sırasında yer alıb. Qeyd edək ki, bu yoxlamalar əvvəlcədən xəbərdarlıq edilmədən, qapalı şəkildə həyata keçirilib və nəticələr qurumun rəsmi resurslarında açıqlanıb.
Eyni zamanda, "Olivea" brendi son illərdə Kanadada, Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) və Londonda keçirilən beynəlxalq müsabiqələrdə keyfiyyət üzrə qızıl medallara layiq görülərək brendin nüfuzunu daha da gücləndirib.
Şirkət həmçinin AZPROMO-nun dəstəyi ilə müxtəlif beynəlxalq sərgi və tədbirlərdə iştirak etməklə Azərbaycan məhsullarının xarici bazarlarda daha geniş auditoriyaya təqdim olunmasına töhfə verir. Bu istiqamətdə görülən işlər yeni əməkdaşlıqların qurulması və ixrac imkanlarının genişlənməsi baxımından əlavə imkanlar yaradır.
"Grand Agro" qarşıdakı dövrdə ixrac bazarlarını şaxələndirməyi, "Olivea"nın mövqeyini yeni regionlarda möhkəmləndirməyi, məhsul portfelini inkişaf etdirməyi və brendi beynəlxalq miqyasda daha da tanınan Azərbaycan məhsuluna çevirməyi hədəfləyir.


