IMG-LOGO

"Qarabağ florası" kitabının təqdimatı olub

23 Dec 2025 18:42 3 baxış
IMG

Dekabrın 23-də AMEA-nın Mərkəzi Elmi Kitabxanasında Elm və Təhsil Nazirliyinin Botanika İnstitutunun şanlı Zəfərə ithaf etdiyi "Qarabağ florası" kitabının təqdimat mərasimi keçirilib.

"Report" xəbər verir ki, kitabın müəllifi və redaktoru Botanika İnstitutunun baş direktoru biologiya elmləri doktoru, professor Səyyarə İbadullayevadır.

Nəşrdə Qarabağ və Şərqi Zəngəzur ərazilərinin bitki aləminin elmi təsnifat əsasında bütün dövrlər üzrə obyektiv xəritəsinin yaradıldığı bildirilib.

AMEA rəhbəri İsa Həbibbəyli Biologiya və Tibb Elmləri Bölməsinin alimləri tərəfindən Azərbaycan Respublikasının "Qırmızı kitab"ının hazırlanması istiqamətində ölkə ərazisində nadir bitki növlərinin, heyvanlar aləminin diqqətlə araşdırıldığını və ciddi tədqiq edildiyini diqqətə çatdırıb.

İsa Həbibbəyli botanik alimlərimizin Qarabağa səfərləri, ekspedisiyaları və etnobotaniki tədqiqatları nəticəsində ərsəyə gəlmiş nəşrdə həmin bölgədə yayılan nadir, endemik, dərman bitkiləri, mamır və yosun nümunələrinin tədqiq edildiyini, onların bioekoloji xüsusiyyətlərinin, yayılma coğrafiyasının ətraflı öyrənildiyini deyib.

Kitabda Qarabağa aid 2000-dən çox ali bitki, 400-dən çox göbələk növü, eləcə də 91 növ nadir bitki haqqında qiymətli elmi məlumatların toplanıldığını söyləyib. Bildirilib ki, bu əsər Qarabağın zəngin florası, əsasən dərman bitkiləri, nadir və endemik növləri haqqında aydın elmi təsəvvür yaradır və kitabın hər istiqaməti xüsusi tədqiqatın mövzusu olmağa layiqdir.

Sonra Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədri Sadiq Qurbanov bildirib ki, Məhəmməd Yusif Şirvani XVIII əsrdə yazdığı "Tibbinamə" kitabında Qarabağ torpaqlarında yetişən bitki örtüyünün botaniki tərkibindən, xalq təbabətinə müsbət təsirindən bəhs edib. Komitə sədri Qarabağın müalicəvi su ehtiyatlarına, təmiz iqlimə, münbit, məhsuldar torpaqlara, zəngin floraya, biomüxtəlifliyə və ekosistemə malik olduğunu vurğulayıb.

Daha sonra çıxış edən AMEA-nın vitse-prezidenti akademik İradə Hüseynova bildirib ki, kitaba 8 xəritə, 10 cədvəl, 300 relikt və endemik bitkilərin, o cümlədən 91 növ nadir bitkinin illüstrasiyası daxil edilib. Əsərdə, həmçinin ali bitkilərin, mamır və şibyə növlərinin botaniki xüsusiyyətləri əks olunub.

Vitse-prezident Qarabağın və Şərqi Zəngəzur regionunun təbiətinin yalnız ölkənin milli sərvəti deyil, həm də Qafqazın ekoloji davamlılığı baxımından strateji əhəmiyyətə malik olduğunu vurğulayıb. O, Qarabağ florasının tətbiqi və gələcək nəsillərə təbii irsin ötürülməsi baxımından yeni nəşrin əhəmiyyətini qeyd edib.

Nəşrin müəllifi və redaktoru Botanika İnstitutunun baş direktoru biologiya elmləri doktoru, professor Səyyarə İbadullayeva bildirib ki, Botanika İnstitutu yaranandan bəri ilk dəfə olaraq Azərbaycanda Qarabağ florası haqqında belə bir kitab nəşr olunub. Ümumilikdə 900 səhifədən ibarət olan kitabda şanlı Zəfərdən sonra Botanika İnstitutunun rəhbərliyi və əməkdaşları tərəfindən Qarabağ ərazisinin zəngin florası əsasında aparılmış elmi tədqiqatların nəticələri yer alıb.

Xəbər lenti