"Sabah" "Qarabağ"ın uğurlarına çatmaq üçün çox inkişaf etməlidir.
"Report"un məlumatına görə, bunu "Sabah"ın baş məşqçisi Valdas Dambrauskas Misli Premyer Liqasının XVI turunun "Sumqayıt"la oyunundan sonra mətbuat konfransında deyib.
Mütəxəssis qalib gəldikləri qarşılaşmanı şərh edib:
"Bütün "Sabah" ailəsini qələbə münasibəti ilə təbrik edirəm. Bu önəmli qalibiyyətə ehtiyacımız var idi. Düzdür, daha yaxşı oynaya bilərdik. Matçın sonlarına yaxın bir qədər çox əziyyət çəkdik. Futbolçularımız son aylarda çox inkişaf ediblər. Qış fasiləsində mövsümün ikinci yarısına daha güclü hazırlaşacağıq. Mövsümün başa çatmasına çox var. Fasiləyə "qış çempionu" kimi yollanmağımız bizə medal qazandırmır. Böyük uğurlar qazanmaq üçün çox çalışmaq lazımdır. Çempionluğa əsas namizəd olan "Qarabağ" çox yaxşı komandadır, Avropada özlərindən söz etdirməyi bacarıblar. Onların uğurlarına çatmaq üçün çox inkişaf etməliyik".
Qeyd edək ki, "Sumqayıt" - "Sabah" oyunu Bakı klubunun 3:1 hesablı qələbəsi ilə yekunlaşıb.