IMG-LOGO

WUF13 Bakıda keçirilməsi Azərbaycanın fəal iştirakçı və etibarlı tərəfdaş kimi çıxış etdiyini təsdiqləyir - RƏY

22 Dec 2025 16:49 5 baxış
IMG

Mədəniyyət, eləcə də mədəni irsin qorunması, mühafizəsi, inkişafı Ümummilli Lider Heydər Əliyevin ən önəm verdiyi, yüksək peşəkarlıq və siyasi iradə ilə yürütdüyü daxili siyasətinin bir parçası olmuş və bu ənənə Prezident İlham Əliyev tərəfindən ardıcıl olaraq davam etdirilir.

Bunu "Report"a Milli Məclisin üzvü Pərvanə Vəliyeva Prezident İlham Əliyevin 2026-cı ilin Azərbaycanda "Şəhərsalma və Memarlıq İli" elan edilməsi haqqında Sərəncamını şərh edərkən deyib.

Deputat qeyd edib ki, Azərbaycan xalqının yaratdığı irs nümunələrini, zəngin tarixi qoruyub saxlamaq və gələcək nəsillərə ötürmək çox məsuliyyətli iş olmaqla yanaşı multidissiplinar yanaşmanı tələb edir:

"Bu işə hər kəs həssas yanaşmalı, istər dövlət, özəl qurumlar, istərsə də ümumi əhali səfərbər olmalı, irsimizi qorumaq və yaşatmaq bizim ən ümdə vəzifəmizə çevrilməlidir".

P.Vəliyeva vurğulayıb ki, Azərbaycan, xüsusilə Qarabağ və Şərqi Zəngəzurda həyata keçirilən "ağıllı şəhər", "ağıllı kənd", "yaşıl enerji zonası" kimi layihələri ilə dayanıqlı inkişaf gündəliyində qlobal liderliyə iddialıdır.

"İşğaldan azad olunmuş ərazilərdə aparılan bərpa və yenidənqurma işləri şəhərsalma və memarlığın dövlət siyasətində prioritet istiqamət olduğunu bir daha təsdiqləyir. Şuşanın tarixi simasının bərpası milli iradənin, müasir yanaşmanın və tarixi məsuliyyətin vəhdətidir", - o deyib.

Deputat xatırladıb ki, Azərbaycan növbəti il BMT-in daha bir mötəbər tədbiri olan "Dünya Şəhərsalma Forumunun" 13-cü sessiyasına ev sahibliyi edəcək:

"Beynəlxalq mötəbər tədbirlərə evsahibliyi Azərbaycanın xarici siyasətdə artan imicinə müsbət təsir göstərməklə yanaşı, diplomatik əlaqələrin də yeni formatda inkişafına imkan yaradır və beynəlxalq platformalarda mövqeyimizi daha da gücləndirir. Dünya Şəhərsalma Forumunun Bakıda keçirilməsi isə Azərbaycanın artıq qlobal urbanizasiya gündəliyinin formalaşmasında fəal iştirakçı və etibarlı tərəfdaş kimi çıxış etdiyini təsdiqləyir. Tarixi irsə söykənən, müasir çağırışlara cavab verən və gələcək nəsilləri hədəfləyən bu yanaşma göstərir ki, Azərbaycan üçün şəhərsalma və memarlıq sadəcə məkan quruculuğu deyil, milli kimliyin qorunması, sosial rifahın yüksəldilməsi və dayanıqlı gələcəyin təmin olunmasıdır".

Xəbər lenti