İtlər sahiblərinin davranışlarına və emosional vəziyyətinə müxtəlif cür reaksiya verirlər. İnsanların keçirdiyi hər bir emosiya heyvanlar üçün fərqli məna daşıya bilər.
Lent.az xəbər verir ki, itlər insanların üz ifadələrini alimlərin əvvəllər düşündüyündən daha yaxşı tanıya bilirlər. Üstəlik, sahibinin emosional vəziyyəti heyvanın beynində baş verən proseslərə də təsir göstərə bilər.
Araşdırmalar göstərir ki, itlər yalnız yemək və ya gəzinti vaxtını gözləməklə kifayətlənmirlər. Onlar insanların mimikalarını, bədən hərəkətlərini və davranışlarını diqqətlə izləyirlər. Tədqiqatçı Laura Kuaya da it sahiblərinə bununla bağlı bir sıra tövsiyələr verib. Alimlər müəyyən ediblər ki, insanın üzündəki təbəssüm və digər sevinc əlamətləri itlərin beynində mükafatlandırma sistemi ilə əlaqəli strukturları aktivləşdirir. Maraqlıdır ki, bu reaksiya yalnız heyvanın öz sahibini gördüyü zaman deyil, tanımadığı insanlarla qarşılaşdıqda da müşahidə olunur. Bu isə insanların üzündə əks olunan müsbət emosiyaların itlər üçün xüsusi əhəmiyyət daşıdığını göstərir.
İtlər insanların qəzəbini, qorxusunu və kədərini də hiss edirlər?
Alimlər itlərin yalnız sevinci deyil, qəzəb, qorxu və kədər kimi daha mürəkkəb insan emosiyalarını da tanıyıb-tanımadığını müəyyənləşdirmək üçün xüsusi araşdırma aparıblar. Tədqiqat çərçivəsində 14 border-kolli və qızılı retriver cinsindən olan itin beyin fəaliyyəti öyrənilib. Eksperimentin nəticələri göstərib ki, heyvanların beyni insanların müxtəlif emosional üz ifadələrinə fərqli reaksiyalar verir. Alimlər hər bir emosiyaya uyğun xarakterik beyin aktivliyi nümunələri qeydə alıblar. Bu nəticələr itlərin insan üzündəki emosional dəyişiklikləri ayırd etmək qabiliyyətinə malik olduğunu göstərir.
İtin böyüdüyü mühit onun emosiyaları tanımasına təsir edirmi?
Tədqiqatçılar mühüm bir məqama da diqqət çəkiblər. Eksperimentdə iştirak edən bütün itlər qayğıkeş ailələrdə böyüyüblər. Bu səbəbdən onların insan emosiyalarını tanımaq qabiliyyəti küçədə yaşayan və ya insanlarla daha az ünsiyyətdə olan itlərdən fərqlənə bilər. Alimlərin fikrincə, heyvanın yaşadığı mühit, insanlarla gündəlik ünsiyyəti və aldığı qayğı onun emosional siqnalları qəbul etməsinə təsir göstərə bilər. Bununla belə, mütəxəssislər hələlik itlərin emosiyaları insanlarla eyni şəkildə yaşadığını iddia etmək üçün kifayət qədər elmi əsas olmadığını vurğulayırlar. Gələcək araşdırmalarda alimlər eyni emosional siqnalları qəbul edərkən insan və it beynində baş verən prosesləri müqayisə etməyi planlaşdırırlar.
Alimlərdən it sahiblərinə vacib tövsiyə
Tədqiqatçı Laura Kuaya hesab edir ki, insanlar itlərə yalnız əmrləri yerinə yetirən və gündəlik qayğıya ehtiyac duyan heyvanlar kimi yanaşmamalıdırlar. Onun sözlərinə görə, itlərin də emosional reaksiyalara malik canlılar olduğunu qəbul etmək insanlarla heyvanlar arasındakı münasibətləri dəyişə bilər.
“İstəyirəm ki, insanlar itləri emosiyaları olan canlılar kimi qəbul etsinlər. Bunu dərk etmək onlarla necə ünsiyyət qurduğumuzu və onlara necə qayğı göstərdiyimizi dəyişə bilər”, - deyə tədqiqatçı bildirib.
Araşdırmanın nəticələri göstərir ki, sahibinin üz ifadəsi və emosional davranışları itin beynində müxtəlif reaksiyalar yarada bilər. Buna görə də heyvanlarla ünsiyyət zamanı onların davranışlarına, emosional ehtiyaclarına və verdikləri siqnallara diqqət yetirmək vacibdir.
Heyvanlar aləmi itlər itlərin davranışıMənbə: lent.az