Azərbaycanın İkinci Qarabağ müharibəsindəki qələbəsi yalnız hərbi uğur deyil, həm də Cənubi Qafqazda sabitliyin və tərəqqinin əsası olan möhkəm sülhün bərqərar olması və əməkdaşlığın inkişafı yolunda mühüm addım olub.
"Report" xəbər verir ki, bu barədə İtaliyanın "InOltre" nəşrinin məqaləsində deyilir.
Məqalədə vurğulanır ki, 8 Noyabr - Zəfər Günü hər bir azərbaycanlı üçün xüsusi əhəmiyyət kəsb edən sadəcə bir tarix deyil, həm də xalqın yaddaşında həmişəlik iz qoyan tarixi hadisədir.
"Bu gün 2020-ci ilin payızında Azərbaycanın təxminən otuz il işğal altında olan əraziləri geri qaytardığı, yüz minlərlə qaçqın və məcburi köçkünün əsas hüquqlarını bərpa etdiyi 44 günlük Vətən müharibəsinin başa çatması qeyd olunur. Azərbaycan mədəniyyətinin və tarixinin incisi olan Şuşa şəhəri rəmzi olaraq millətin qəlbini və ruhunu təcəssüm etdirir. Bu şəhərin 2020-ci il noyabrın 8-də azad edilməsi 44 günlük müharibənin kulminasiya nöqtəsi, qanunsuz işğalla barışmayan xalqın cəsarətinin və birliyinin nəticəsi olub. Şuşa sadəcə bir şəhərdən daha böyük məna daşıyır. Şəhər mədəni irs, gözəllik və qürur rəmzinə çevrilib, onun vətənə qaytarılması ərazinin özü üzərindəki suverenlik qədər dəyərli olan mənəvi qurtuluşu təmsil edir", - materialda bildirilir.
Müəllif xatırladır ki, Azərbaycanın danışıqlar yolu ilə sülh prosesinə dəyişməz sadiqliyinə baxmayaraq, Ermənistanın yalnız status-kvonun qorunub saxlanmasına yönəlmiş inadkar mövqeyi səbəbindən uzun illər davam edən diplomatiya istənilən nəticələri verməyib.
"Bu tarixi prosesdə Azərbaycan Prezidenti İlham Əliyev əsas rol oynayıb. Onun həm hərbi, həm də diplomatik baxımdan qətiyyətli rəhbərliyi ölkəni inamla istiqamətləndirib, tarixi qələbəni və onilliklər ərzində diqqətdən kənarda qalmış BMT Təhlükəsizlik Şurasının qətnamələrinin icrasını təmin edib. Müharibədən sonrakı dövrdə Prezident İlham Əliyev sülh gündəliyinin irəli sürülməsini ölkənin strateji siyasətinin mərkəzinə qoyub. Azərbaycan keçmişin yaralarından regional əməkdaşlığa, infrastrukturun inkişafına və transkontinental nəqliyyat dəhlizlərinin inteqrasiyasına keçid edərək, Cənubi Qafqazda davamlı sabitliyin təmin edilməsi üzrə konkret təşəbbüslərə rəhbərlik edib", - məqalədə qeyd olunur.
Mənbə: report.az