Atçılıq Federasiyasının təşkilatçılığı ilə Binə Atçılıq Mərkəzində 12-ci Prezident Kuboku uğrunda çövkən yarışlarının qrup mərhələsinin son oyunları keçirilib.
Bu barədə "Report"a Federasiyadan bildirilib.
Qrup mərhələsinin son oyun günündə ilk qarşılaşma Polad və Sərhədçi çövkən komandaları arasında keçirilmiş və oyun 1:1 hesablı heç-heçə ilə başa çatıb.
Günün ikinci qarşılaşmasında isə Elit çövkən komandası Buta Golden komandası üzərində 4:2 hesablı qələbə qazanıb.
Keçirilən oyunların nəticələrinə əsasən, A qrupunda Polad komandası 1-ci yeri, Sərhədçi komandası 2-ci yeri, Zəfər komandası isə 3-cü yeri tutub.
B qrupunda isə Elit komandası 1-ci yerə, Embawood komandası 2-ci yerə, Buta Golden komandası isə 3-cü yerə layiq görülüb.
Yarışın əsasnaməsinə uyğun olaraq, hər qrupdan ilk iki yeri tutan komandalar yarımfinal mərhələsinə vəsiqə qazanıb. Yarımfinal mərhələsində A qrupunun birincisi B qrupunun ikincisi ilə, B qrupunun birincisi isə A qrupunun ikincisi ilə qarşılaşacaq.
Yarımfinal oyunları 22 dekabr tarixində saat 15:00-dan etibarən keçiriləcək. Polad – Embawood və Sərhədçi – Elit qarşılaşmaları azarkeşlərin diqqət mərkəzində olacaq.
12-ci Prezident Kuboku uğrunda yarışların qalibi 24 dekabr tarixində saat 15:00-da keçiriləcək final oyununda müəyyənləşəcək. Həmin gün yarımfinal mərhələsində məğlub olan komandalar isə 3-cü yer uğrunda keçiriləcək qarşılaşmada mübarizə aparacaqlar.
12-ci Prezident Kuboku uğrunda çövkən yarışlarının qrup mərhələsi yekunlaşıb










