Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Leyla Əsgərova - Məmmədovanın sədrliyi ilə “Respublika Perinatal Mərkəzi”ində 7 körpənin öldüyü yanğınla bağlı ittiham olunan direktor və şöbə rəislərinin cinayət işi üzrə məhkəmənin növbəti iclası keçirilib.
Lent.az xəbər verir ki, təqsirləndirilən şəxslərin vəkilləri çıxış edərək məhkəmə tərkibinin dəyişdirilməsi səbəbindən məhkəmənin yenidən başlanılmasını məhkəmədən istəyiblər
Məhkəmə qısa müzakirədən sonra dövlət ittihamçısının ittiham aktını elan olunmasından sonra prosesə davam edilsin.
Məhkəmə şahid ifadəsi ilə davam edib.
Şahid Təbriz Nəzirli hadisədən 7-8 ay sonra perinetal mərkəzdəki işindən ayrıldığını bildirib:
"Mən 2022-ci ilin oktyabrından xəstəxanada tibbi avadanlıqlar üzrə mütəxəssis kimi çalışmışam. Avadanlıqlardakı nasazlıqlarla bağlı elektrik Elnur bəyə bildirmişdim. Çünki "rozetka"ların üstü açıq idi. Mən bunu oradakı qızlara da bildirmişdim. Gəlib baxdı Elnur bəy, dedi ki, həll olunacaq. Amma bu hadisə baş verdi. Mən hadisə günü xəstəxanaya gələndə artıq yanğın söndürülmüşdü. Yanğının baş verə səbəbi yüklənmə idi. Mehriban xanıma yuvaların açıq olduğunu bildirmişdim. O dedi ki, bizlik bir məsələ yoxdur, nə potensialımız, nə də maliyyəmiz var".
Növbəti proses 7 yanvar saat 09:30-ə təyin olunub.
Xatırladaq ki, 2024-cü ilin yanvarın 9-da “Respublika Perinatal Mərkəzi” PHŞ-nin inzibati binasında yanğın baş verib. Yanğınla bağlı Baş Prokurorluqda Cinayət Məcəlləsinin 225.3 (yanğın təhlükəsizliyi qaydalarını pozma ehtiyatsızlıqdan iki və daha çox şəxsin ölümünə səbəb olduqda) və 314.3-cü (səhlənkarlıq iki və daha çox şəxsin ölümünə səbəb olduqda) maddələri ilə cinayət işi başlanaraq ibtidai istintaqın aparılması Baş Prokurorluğun İstintaq idarəsinə tapşırılıb. İstintaqla müəyyən olunub ki, Mərkəzin Anesteziologiya, reanimasiya və intensiv terapiya şöbəsinin Yenidoğulmuşların intensiv terapiya bölməsinin yerləşdiyi dördüncü mərtəbədəki palatasında baş vermiş yanğın nəticəsində 7 yenidoğulmuş ölüb, 4 nəfər xəsarət alıb, müəssisəyə isə ümumilikdə 361 min manat məbləğində maddi ziyan vurulub. Bundan başqa, Mehriban Abasquliyevanın 27 dekabr 2022-ci il tarixdə Mərkəzin direktoru təyin edilməsindən sonra müəssisənin tibbi təminat resursları və potensialını nəzərə almadan xəstə qəbulu sayını iki dəfəyədək artırması nəticəsində müəssisənin elektrik təsərrüfatının artıq yüklənərək sonda yanğına səbəb olmasına əsaslı şübhələr müəyyən edilib. Eyni zamanda istintaqla, Fövqəladə Hallar Nazirliyi tərəfindən Mərkəzdə yoxlamalar aparılaraq yanğın təhlükəsizliyi qaydaları, xüsusən də, mövcud avtomatik yanğın xəbərverici siqnalizasiya qurğusunun nasazlığı, daxili yanğın su kranlarının işlək olmaması və elektrik təsərrüfatında nöqsanların olması Mərkəzin rəhbərliyinə bildirilsə də, direktor və Mərkəzin Anesteziologiya, reanimasiya və intensiv terapiya şöbəsinin müdiri Hamlet Mustafayev və Dəstək Xidmətləri şöbəsinin müdiri Elnur Əhmədlinin nöqsanları aradan qaldırmamalarına əsaslı şübhələr müəyyən edilib. Mərkəzin direktoru vəzifəsində işləmiş Mehriban Abasquliyeva Cinayət Məcəlləsinin 308.2 (ağır nəticələrə səbəb olan vəzifə səlahiyyətlərindən sui-istifadə) və 225.3-cü (yanğın təhlükəsizliyi qaydalarını pozma ehtiyatsızlıqdan iki və daha çox şəxsin ölümünə səbəb olduqda) maddələri, həmin mərkəzin şöbə rəisləri vəzifəsində işləmiş Hamlet Mustafayev və Elnur Əhmədli isə Cinayət Məcəlləsinin 225.3-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək onlara həmin maddələrlə nəzərdə tutulan ittiham elan edilib. Eyni zamanda cinayət işi üzrə zərərçəkmiş qismində "Respublika Perinatal Mərkəzi", Elçin Gülmalı oğlu Nəcəfov, Vaqif İntiqam Hacıyev, Aynurə Qalib qızı Əhmədova, Gülbahar Zülfüqarova zərərçəkmiş qismində tanınıb.
Hadisələr