IMG-LOGO

Nazir: "Heyvanların baş sayının azalması məhsuldarlığın artırılmasını zəruri edir"

17 Dec 2025 15:40 4 baxış
IMG

Azərbaycanda son illərdə heyvanların baş sayında azalma meyli mövcuddur.

"Report" xəbər verir ki, bunu kənd təsərrüfatı naziri Məcnun Məmmədov Bakıda rəhbərlik etdiyi qurumun dəstəyi və İqtisadiyyat Nazirliyi yanında Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) təşkilatçılığı ilə keçirilən "Süd və ət istehsalı üzrə mövcud problemlər və qida təhlükəsizliyi sahəsinə təsirlərin qiymətləndirilməsi" mövzusunda ictimai müzakirədə bildirib.

"2024-cü ildə ölkə üzrə 2,5 milyon baş iribuynuzlu və 6,9 milyon baş xırdabuynuzlu heyvan qeydə alınıb ki, bu da son üç il ərzində müvafiq olaraq 6 % və 11 % azalma deməkdir. Mövcud vəziyyət məhsuldarlığın artırılmasını və struktur islahatlarının dərinləşdirilməsini zəruri edir", - deyə o qeyd edib.

Nazirin sözlərinə görə, heyvandarlıq məhsullarının xarici ticarət balansında idxalı hələ də üstünlük təşkil etsə də, ixrac istiqamətində müsbət dinamika formalaşmaqdadır: "2025-ci ilin ilk 11 ayının nəticələrinə əsasən yumurta ixracı 34,9 % artaraq 10,6 milyon ABŞ dollarına çatıb. İdxal asılılığının əsas səbəbləri sırasında əhali artımı fonunda istehlakın genişlənməsi, məhsuldarlıq səviyyəsinin aşağı olması və kiçik təsərrüfatların emal və bazar infrastrukturlarına çıxış imkanlarının məhdudluğu qeyd edilməlidir".

Xəbər lenti