IMG-LOGO

Azərbaycanda heyvandarlıq sektorunun əsas problemləri açıqlanıb

17 Dec 2025 15:48 3 baxış
IMG

Azərbaycanda heyvandarlıq sektoru ilə bağlı aparılan təhlillər əsas problemlər kimi cins heyvanların ümumi sürüdə xüsusi çəkisinin aşağı olmasını, yerli cinslərin məhsuldarlıq göstəricilərinin zəifliyini, maliyyə resurslarına çıxış imkanlarının məhdudluğunu və kiçik təsərrüfatlarda istehsal olunan məhsulların emala cəlb edilməsində mövcud çətinlikləri ön plana çıxarır.

"Report" xəbər verir ki, bunu kənd təsərrüfatı naziri Məcnun Məmmədov Bakıda rəhbərlik etdiyi qurumun dəstəyi və İqtisadiyyat Nazirliyi yanında Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) təşkilatçılığı ilə keçirilən "Süd və ət istehsalı üzrə mövcud problemlər və qida təhlükəsizliyi sahəsinə təsirlərin qiymətləndirilməsi" mövzusunda ictimai müzakirədə bildirib.

"Bu problemlərin aradan qaldırılması məqsədilə heyvandarlıq məhsulları istehsalının artırılması və özünütəminat səviyyəsinin yüksəldilməsi, rəqabətqabiliyyətli dəyər zəncirinin formalaşdırılması, damazlıq işinin və süni mayalanma sisteminin təkmilləşdirilməsi, aqrar xidmətlərin institusional əsaslarının gücləndirilməsi və otlaq resurslarından səmərəli istifadənin təmin edilməsi prioritet istiqamətlər kimi müəyyən edilmişdir. Bu çərçivədə istehsal xərclərinin qismən subsidiyalaşdırılması, investisiya təşviqlərinin genişləndirilməsi və vergi mexanizmlərinin təkmilləşdirilməsi üzrə yeni siyasət təşəbbüsləri formalaşdırılmaqda və aidiyyəti qurumlarla müzakirə olunmaqdadır. Əminik ki, həyata keçirilən bu kompleks və ardıcıl tədbirlər heyvandarlıq sektorunda məhsuldarlığın yüksəldilməsinə, ölkənin ərzaq təhlükəsizliyinin daha da möhkəmləndirilməsinə və kənd yerlərində sosial-iqtisadi inkişafın sürətləndirilməsinə əhəmiyyətli töhfə verəcək", - deyə o qeyd edib.

Xəbər lenti