ABŞ Böyük Britaniya ilə süni intellekt və texnologiya sahəsində əməkdaşlığı nəzərdə tutan "Texnoloji rifah sazişi"ni dayandırıb.
Saziş çərçivəsində ABŞ texnologiya şirkətləri Birləşmiş Krallıqda böyükmiqyaslı sərmayə qoymaq öhdəliyi götürüb. Bu sərmayələr arasında "Microsoft"un 22 milyard funt-sterlinqlik və "Google"un 5 milyard funt-sterlinqlik sərmayələri də var.
Yeri gəlmişkən, bu ilin sentyabrında ABŞ Prezidenti Donald Tramp Britaniyaya ikinci dövlət səfəri edib. O, səfər çərçivəsində Birləşmiş Krallığın Baş naziri Kir Starmer ilə süni intellekt, kvant hesablamaları və nüvə enerjisi sahəsində əməkdaşlığın gücləndirilməsi haqqında milyardlarla dollarlıq saziş imzalayıb. Krallığın hökumət başçısı bunu ölkəsinin tarixində bu növ ən böyük investisiya paketi adlandırmışdı.
Hələ Trampın dövlət səfəri başlamazdan əvvəl ABŞ texnologiya nəhəngləri və maliyyə korporasiyaları gələcək illər ərzində Böyük Britaniyaya 150 milyard funt-sterlinq (təxminən 104 milyard avro) sərmayə qoymağı vəd etmişdilər. Xüsusilə, Ştatların investisiya şirkəti "Blackstone" növbəti on il ərzində Britaniya layihələrinə 90 milyard funt, "Google" növbəti iki il ərzində 5 milyard dollar, "Microsoft" isə növbəti dörd il ərzində 30 milyard dollar yatırmağı vəd etmişdi. Korporasiya digər planlarla yanaşı, krallıqdakı ən böyük superkompüteri inşa etməyi planlaşdırdığını bildirirdi.
Habelə, "Nscale" London şirkəti süni intellekt texnologiyalarının işləyicisi "OpenAI" və ABŞ çip istehsalçısı "Nvidia" ilə birlikdə süni intellekt infrastrukturunun inkişafı üçün Ştatların "Stargate" təşəbbüsünün Britaniya versiyasını başlamağı nəzərdə tuturdu. Anlaşmaya uyğun olaraq Britaniyada 120 min müasir qrafik prosessorun quraşdırılması da planlaşdırılır. Bu isə Avropanın istənilən ölkəsindən daha çoxdur. Layihə əsasında kapital qoyuluşu Britaniyada 10 minə yaxın iş yerinin açılmasına səbəb ola bilər.
Böyük Britaniya hökumətindən adı açıqlanmayan şəxs isə bildirib ki, ABŞ ilə xüsusi əlaqə güclü olmaqda davam edir: "İngiltərə "Texnologiya Rifah Sazişi"nin hər iki ölkədəki zəhmətkeş insanlara fürsətlər təqdim etməsini təmin etməyə qərarlıdır".
Bu məsələ ilə bağlı xəbəri ilk dəfə yayımlayan "The New York Times" qəzeti iki tərəf arasında rəqəmsal tənzimləmələr və qida təhlükəsizliyi qaydaları da daxil olmaqla "daha genişmiqyaslı fikir ayrılıqları" olduğunu bildirmişdi.
Məlumatlara əsasən, Britaniya rəsmiləri ABŞ-nin ötən həftə sazişin qüvvəsini dayandırdığını təsdiqləyiblər: "Donald Tramp administrasiyası Birləşmiş Krallıqdan texnoloji tərəfdaşlıq çərçivəsindən kənara çıxan sahələrdə güzəştlər əldə etməyə çalışır".
Ticarət sahəsində ikitərəfli danışıqlar bu ilin mayından davam edir. ABŞ rəsmiləri Britaniyanın qida və sənaye mallarının satışını tənzimləyən qaydalar və müddəalar da daxil olmaqla "qeyri-tarif baryerlər" (qeyri-tarif baryerlər idxal və ixracı məhdudlaşdırmaq üçün tariflərdən (gömrük rüsumlarından) fərqli olaraq istifadə olunan tənzimləmə tədbirləridir) adlanan məsələləri həll etmək istəyinin olmamasından getdikcə daha çox narahat olurlar.
"Financial Times" bildirib ki, Vaşinqton uzun müddətdir Londonun qida və kənd təsərrüfatı məhsulları ilə bağlı ABŞ standartlarının tanımasına çalışır.
İki müttəfiq arasında yaranmış vəziyyətdən Rusiya yararlanmağa çalışır. Rusiya Prezidentinin xüsusi nümayəndəsi, Rusiya Birbaşa İnvestisiya Fondunun (RBİF) rəhbəri Kirill Dmitriyev "X" sosial şəbəkəsindəki səhifəsində Federasiyanın Böyük Britaniyanı əvəz edə biləcəyini yazıb: "Sonda Rusiya ABŞ ilə böyük texnoloji sövdələşmədə Böyük Britaniyanı, ola bilsin, əvəz edəcək. Böyük Britaniya uydurma problemləri deyil, real problemləri həll etməyi öyrənməlidir".
Rusiya nümayəndəsinin belə arxayın açıqlaması Vaşinqton-Moskva münasibətlərində yaxınlaşmanın, Vaşinqton-London müttəfiqliyində çatın yarandığını ehtimal etməyə əsas verir. Çünki Donald Tramp Londona etdiyi məlum səfər zamanı Kir Starmerlə RF-nin işğalına qarşı müdafiə olunan Ukraynaya yardımın artırılması yollarını, Rusiya Prezidenti Vladimir Putinə təzyiq göstərmək üçün yeni imkanları müzakirə etmişdilər. Onda Baş nazir KİV-ə açıqlamasında bildirmişdi: "Biz müdafiəmizi necə gücləndirə biləcəyimizi, Ukraynaya əlavə dəstək verə biləcəyimizi, uzunmüddətli sülhün əldə edilməsinə razı olmağa məcbur etmək üçün Putinə təzyiqi qətiyyətlə gücləndirə biləcəyimizi müzakirə etdik".
ABŞ ilə Böyük Britaniya problemsiz müttəfiq sayılıb. Ancaq son illər Ukrayna və Fələstin məsələsinə yanaşmada tərəflər arasında fikir ayrılıqları yaranıb. Bu, həm də Avropa İttifaqına üzv dövlətlərin hadisələrə münasibətdə Ştatlardan fərqli mövqe sərgiləməsindən də irəli gələ bilər. Böyük Britaniya Ukraynadakı hadisələrin belə sürətlənməsini deyil, tədricən irəliləməsini, Rusiya ilə əməkdaşlığı, ticarət əlaqələrinin saxlamaqla vəziyyəti öz maraqlarına uyğun inkişaf etdirmək siyasətini yürüdürdü.
Hadisələrin gedişindən belə görünürdü ki, Avropa Rusiyanın Ukraynaya hərbi müdaxiləsinə hazır deyildi. Çünki o prosesin güc tətbiq edilmədən həlli tərəfdarı idi. Ancaq belə anlaşıldı ki, hadisələrin silah yolu ilə inkişafının əsas səbəbkarı Rusiya olub. Bu məsələdə ABŞ-nin ovaxtkı Prezidenti Cozef Bayden administrasiyası da qarşı tərəfdə durub.
Donald Tramp hakimiyyətə yenidən gəldikdən sonra "mən prezident olsaydım, bu müharibə olmazdı" açıqlamasını dəfələrlə bəyan etmişdi. Sonrakı dövrdə isə o, Avropanı müdafiə və təhlükəsizlik sahələrinə diqqət etməməkdə qınadı, habelə müdafiə xərclərini artırmasını istədi.
Elə Ağ Evin yeni Milli Təhlükəsizlik Strategiyasında Avropa İttifaqının sərt tənqid edilməsi, güclənməsi istiqamətində fəaliyyəti artırması və bu kimi məsələlərin vurğulanması həm də Böyük Britaniyaya müəyyən ismarış sayıla bilər.
ABŞ ilə Böyük Britaniya arasında münasibətlər ümumi dəyərlərə və maraqlara əsaslanan strateji müttəfiqlik, tərəfdaşlıq xarakteri daşıyır. Bunu "xüsusi münasibətlər" olaraq da adlandırırlar. Bununla belə, tərəflər arasında müasir dövrdə də fikir ayrılığı, gərginlik yaşanır. Məsələn, 2003-cü ildə İraqa hərbi müdaxilədə bu yaşanmışdı. Onda Birləşmiş Krallıq hərbi əməliyyata qarşı olmuşdu. Britaniya Avropa İttifaqına üzvlükdən çıxandan sonra müttəfiqlər arasında ticarət sazişləri, xüsusilə Şimali İrlandiya ilə bağlı məsələlərə dair mübahisələr yaranıb.
ABŞ sülhün qorunmasına önəm verdiyi halda, Britaniya daha çox Şimali İrlandiyanın Birləşmiş Krallıq daxilindəki statusunu və iqtisadi azadlığını tənzimləməyə çalışıb. Belə bir vəziyyət isə zaman-zaman gərginlik yaradıb. Yeri gəlmişkən, Şimali İrlandiyadan seçicilər "Brexit"lə bağlı referendumda Avropa İttifaqının tərkibində qalmağa səs vermişdi.
Bu il sentyabrın 21-də (Trampın Londona səfərindən 4 gün sonra) Böyük Britaniya Fələstin dövlətini tanıdı. Baş nazir Kir Starmer bu barədə "X" sosial şəbəkə hesabında paylaşdığı videomüraciətdə bildirmişdi: "Bu gün sülhə və münaqişənin ikidövlətli həllinə olan ümidi canlandırmaq üçün bu böyük ölkənin baş naziri kimi bəyan edirəm ki, Birləşmiş Krallıq rəsmi olaraq Fələstin Dövlətini tanıyır".
Bununla yanaşı, Kir Stramer demişdi ki, HƏMAS qəddar terror təşkilatıdır: "Onun Qəzza zolağındakı hökumətdə, təhlükəsizlik strukturlarında heç bir gələcəyi və rolu ola bilməz". O əlavə edib ki, London yaxın gələcəkdə HƏMAS-a qarşı sanksiyaları genişləndirəcək.
Dekabrın 16-da Böyük Britaniya BMT-də Fələstinin öz müqəddəratını təyin etməsi və müstəqil dövlət olması hüququnun tanınmasını təsdiqləyən qətnamənin lehinə, ABŞ və İsraillə yanaşı, cəmi 8 ölkə - Argentina, Mikrozeniya, Nauru, Palau, Papua Yeni Qvineya, Paraqvay da qətnamənin əleyhinə səs verib. Qətnaməni ümumilikdə 164 dövlət dəstəkləyib, 9-u isə tərəfsiz qalıb.
Bu perspektivdə ABŞ ilə Böyük Britaniya arasında başqa məsələlər münasibətdə də özünü göstər bilər.
Onlar arasında çatların yaranmasının başlıca səbəbi olaraq Birləşmiş Krallığın Fələstini tanımasını göstərmək mümkündür.
1947-ci ildən indiyədək ABŞ və Böyük Britaniya Fələstin məsələsində eyni mövqedən çıxış edib. Ancaq 78 ildən sonra Krallığın mövqeyindəki dəyişikliyi müəyyən mənada kəskin dönüş də saymaq olar.
Görünür, "Texnoloji rifah sazişi"nin dayandırlmasında da Fələstinin tanıması məsələsi az rol oynamayıb. Çünki ABŞ-ni bir qayda olaraq ingilis-yəhudi dövləti sayırlar. Bir sıra hallarda Birləşmiş Krallığın ən möhtəşəm layihəsi adlandırırlar.
Bu baxımdan, Böyük Britaniya ilə ABŞ-ni müəyyən mənada Rusiya ilə Ukraynaya da bənzətmək mümkündür.
1776-cı il iyunun 4-də ABŞ Böyük Britaniya müstəmləkəsindən azad olunduğunu elan edib. Sonra tərəflər arasında ziddiyyətlər müharibələrlə nəticələnib.
Nəhayət, ABŞ və Böyük Britaniya arasında sülh müqavilələri imzalanıb. Əhəmiyyətli olanları sırasında bunları qeyd etmək olar: 1783-cü il Versal sülhü (ABŞ-nin Müstəqillik Müharibəsini başa çatdırdı, Britaniya onun müstəqilliyini tanıdı), 1814-cü il Gent müqaviləsi (1812-ci il İngilis-Amerika müharibəsini başa çatdırdı, müharibədən əvvəlki vəziyyəti bərpa edildi) və 1818-ci il Konvensiyası (Qayalı dağlara qədər 49-cu paralel boyunca sərhəd müəyyən edildi), həmçinin nüvə əməkdaşlığı üçün 1958-ci il Qarşılıqlı Müdafiə Müqaviləsi.
Belə ehtimal etmək olar ki, tərəflər arasında buna oxşar yeni müqavilənin bağlanması zamanı yetişir. Əks halda, ABŞ Böyük Britaniyanı Avropa İttifaqının xeyrinə itirəcək. Bu isə Avropada Ştatlar üçün maneə yarada bilər. Belə bir vəziyyət yeni qütbün yaranmasına yardım edər.
Hər halda, Ukrayna və Fələstin məsələsi bu kimi münasibətləri də qarışdırıb. İngilislərin klassik "əbədi maraqlar olur" deyimi yerinə düşür. Bu, yenə qalib gəlir...











