Azərbaycanla Türkiyə arasında Güzəştli Ticarət Sazişi tətbiq olunur və bu istiqamətdə texniki səviyyədə də danışıqlar davam edir.
"Report"un Türkiyə bürosunun məlumatına görə, bunu Türkiyənin ticarət naziri Ömer Bolat mətbuata açıqlamasında deyib.
Nazir bildirib ki, Türkiyənin Ticarət Nazirliyi Azərbaycanın İqtisadiyyat Nazirliyi ilə çox sıx əməkdaşlıq edir:
"22 və 23 dekabr tarixlərində həm ictimai, həm də siyasi sahələrdən, hökumətdən və Türkiyənin özəl sektorundan ibarət böyük bir nümayəndə heyəti ilə Bakıya səfər edəcəyik. Vitse-prezidentimiz Cevdet Yılmaz 22 dekabr günü birgə iqtisadi komissiyaların iclaslarını keçirəcək Türkiyə nümayəndə heyətinə sədrlik edəcək. Azərbaycan nümayəndə heyətinə isə Baş nazir Əli Əsədov sədrlik edəcək".
Nazir deyib ki, müvafiq nazirlər və nazir müavinləri görüşlərdə iştirak edəcək və orada iki ölkə arasında ən vacib məsləhətləşmə mexanizmləri müzakirə olunacaq:
"İnstitusional mexanizm olan birgə iqtisadi komissiyada Türkiyə-Azərbaycan münasibətləri ticarət və kənd təsərrüfatından tutmuş sənaye, enerji, nəqliyyat, turizm və milli təhsilə qədər bir çox mövzu əhatə ediləcək və müqavilələr imzalanacaq".
23 dekabrda keçiriləcək II Türkiyə-Azərbaycan İqtisadi və İnvestisiya Forumundan da danışan nazir deyib ki, ilk dəfə bu forum 2023-cü ilin dekabrında baş tutub və Türkiyə böyük bir nümayəndə heyəti ilə burada iştirak edib, türk iş adamlarını Azərbaycanda investisiya qoymağa, ticarət etməyə və birgə istehsalla məşğul olmağa təşviq etmək barədə əhəmiyyətli müzakirələr aparılıb.
Nazir, həmçinin əlavə edib ki, Türkiyə Azərbaycan başda olmaqla Türk dövlətləri ilə güzəştli ticarət müqavilələrinə üstünlük verir.
Onun sözlərinə görə, Azərbaycanla güzəştli ticarət müqaviləsi ilə yanaşı, Özbəkistanla da belə bir əməkdaşlıq var:
"Biz, həmçinin İqtisadi Əməkdaşlıq Təşkilatının üzvüyük. Oranın üzv dövlətləri ilə də eko-güzəştli ticarət müqaviləmiz mövcuddur. Bu kontekstdə müəyyən məhsullara qarşılıqlı gömrük rüsumu güzəştləri tətbiq olunur. Bu güzəştli müqavilələrin əhatə dairəsini daha da genişləndirmək üçün intensiv şəkildə çalışırıq".