IMG-LOGO

Ənənəvi dadların qlobal səfəri

17 Dec 2025 15:03 10 baxış
IMG

Azərbaycanın iqtisadi inkişaf strategiyası çərçivəsində reallaşdırılan təşəbbüslər nəticəsində ölkənin bir çox sahələri dinamik inkişaf edir. Qeyri-neft ixracının genişləndirilməsində əhəmiyyətli rol oynayan İxracın və İnvestisiyaların Təşviqi Agentliyi – AZPROMO yerli istehsalçıların beynəlxalq bazarlarda mövqelərinin gücləndirilməsinə, eləcə də "Made in Azerbaijan" brendinin tanıdılmasına dəstək göstərir. Bu fəaliyyətlər Azərbaycan iqtisadiyyatının diversifikasiyasına və qeyri-neft sektorunun rəqabət qabiliyyətinin artmasına və yerli şirkətlərin qlobal dəyər zəncirinə inteqrasiyasına mühüm töhfə verir. Məhz bu institusional dəstək mexanizmləri və əlverişli biznes mühiti bir sıra yerli istehsalçıların beynəlxalq uğurlar əldə etməsinə şərait yaradıb.

Belə uğurlu nümunələrdən biri də Azərbaycanın milli şirniyyat sənayesində özünəməxsus mövqeyi ilə seçilən "CAN-PA" MMC-dir. Şirkət fəaliyyətinə 1993-cü ildə "Can" markası ilə başlayaraq, illər ərzində davamlı inkişaf yolu keçib və bu gün ölkənin aparıcı şirniyyat istehsalçılarından biridir. Yarandığı ilk gündən etibarən keyfiyyəti əsas prinsip kimi qəbul edən şirkət, ənənəvi dadların qorunması və müasir istehsal yanaşmalarının tətbiqi sayəsində bazarda etibarlı və tanınan bir brend statusu qazanıb.

Uzun illərin təcrübəsinə əsaslanan istehsal portfeli bu gün lokum, marmelad, pişmaniyə, draje, noğul və digər ənənəvi şirniyyat növlərini əhatə edir. "CAN-PA" MMC-də istehsal olunan bütün məhsullar yüksək keyfiyyət standartlarına uyğun olaraq, müasir texnologiyalar əsasında və peşəkar qida mühəndislərinin ciddi nəzarəti altında hazırlanır. Bu yanaşma şirkətə həm məhsul keyfiyyətinin davamlılığını təmin etməyə, həm də istehlakçı məmnuniyyətini daim yüksək səviyyədə saxlamağa imkan yaradır.

"Can" brendinin məhsulları yalnız yerli bazarda deyil, beynəlxalq arenada da uğurla təmsil olunur. Şirkət müxtəlif illərdə AZPROMO-nun dəstəyi ilə Rusiya, Birləşmiş Ərəb Əmirlikləri, Özbəkistan və Almaniya kimi ölkələrdə keçirilən nüfuzlu beynəlxalq sərgilərdə iştirak edərək Azərbaycan şirniyyat mədəniyyətini xarici auditoriyaya layiqincə təqdim edib, eləcə də İsrail, İraq, Özbəkistan və digər ölkələrə məhsul ixrac edib.

"CAN-PA" MMC-nin əldə etdiyi nailiyyətlər beynəlxalq müstəvidə də yüksək qiymətləndirilib. Belə ki, şirkət Azərbaycan Beynəlxalq Qida Sərgisində "Ən Gözəl Stend", Özbəkistan Beynəlxalq Qida Sərgisində isə "Ən Yaxşı Məhsul" mükafatına layiq görülərək, keyfiyyət və peşəkarlıq sahəsində mövqeyini bir daha təsdiq edib.

Bu gün şirkət öz inkişaf strategiyasını ənənəvi dadların qorunması ilə yanaşı, innovativ yanaşmaların tətbiqi üzərində qurur. Şirkətin əsas məqsədi yerli və beynəlxalq bazarlara yüksək dəyər qatan, Azərbaycan şirniyyat mədəniyyətini layiqincə təmsil edən məhsullar istehsal etmək və bu sahədə davamlı liderliyini möhkəmləndirməkdir. "CAN-PA" MMC-nin uğur hekayəsi, keyfiyyətə sədaqətin, ardıcıl inkişafın və milli dəyərlərə bağlılığın bariz nümunəsidir.

Xəbər lenti