IMG-LOGO

Azərbaycan ABŞ-da keçirilən Beynəlxalq Yol Federasiyasının konfransında təmsil olunub

17 Dec 2025 12:41 4 baxış
IMG

Azərbaycan ABŞ-ın Kaliforniya ştatının Los-Anceles şəhərində təşkil olunan Beynəlxalq Yol Federasiyasının R2T Qlobal Konfrans və Sərgisində təmsil olunub.

Bu barədə "Report"a Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən məlumat verilib.

Bildirilib ki, konfransda Azərbaycandan Agentliyin İdarə Heyətinin sədri Saleh Məmmədov iştirak edib.

Tədbir zamanı Beynəlxalq Yol Federasiyasının indiyədək qazandığı uğurlar diqqətə çatdırılıb, yol-nəqliyyat sahəsində dünyanın tanınmış mütəxəssisləri və innovativ yanaşmaları ilə seçilən şəxslərin çıxışları dinlənilib. Sektor üzrə ekspertlər arasında səmərəli fikir mübadiləsi aparılıb, gələcək əməkdaşlıq imkanları müzakirə olunub və yol təsərrüfatına dair aktual məsələlər ətrafında müzakirələr keçirilib.

Konfrans çərçivəsində S. Məmmədov Beynəlxalq Yol Federasiyasının vitse-prezidenti Magid Elabyad ilə görüşüb. Görüş zamanı Agentliyin rəhbəri Azərbaycanın yol infrastrukturu sahəsində əldə etdiyi nailiyyətlər, icrası başa çatdırılmış və hazırda davam etdirilən əsas layihələr barədə ətraflı məlumat verib. Qeyd olunub ki, ölkədə yol infrastrukturunun müasirləşdirilməsi Azərbaycan Prezidenti İlham Əliyevin daim diqqət mərkəzində saxladığı prioritet məsələlərdəndir.

M. Elabyad öz növbəsində Azərbaycanın avtomobil yollarının keyfiyyət göstəricilərinə görə dünya ölkələri arasında ön sıralarda yer almasını yüksək qiymətləndirib.

Görüşdə yol infrastrukturu sahəsində əməkdaşlığın genişləndirilməsi və gələcək perspektivlər ətrafında fikir mübadiləsi aparılıb.

Qeyd edək ki, tədbir çərçivəsində 60-dan çox yüksək səviyyəli sessiya keçirilib, 300-dən artıq beynəlxalq məruzəçinin çıxış etdiyi, həmçinin qabaqcıl texnologiyaların nümayiş olunduğu genişmiqyaslı sərgi təşkil olunub.

Dünyanın müxtəlif ölkələrindən yol sahəsi üzrə ekspertlərin, sənaye liderlərinin və digər maraqlı tərəflərin iştirak etdiyi konfrans yol təhlükəsizliyi, əlaqəli və ağıllı mobillik, kənd yollarının inkişafı, rəqəmsallaşdırma, inklüziv yanaşmalar, yeni texnologiyaların tətbiqi, enerji və resurs səmərəliliyi kimi mövzuların müzakirəsi üçün mühüm platforma olub.

Xəbər lenti