Azərbaycan fermeri əkdiyi məhsulun dəyərinin, hesabının fərqində olmalı və gəlir əldə etməyin yollarını dəqiq bilməlidir.
"Report" xəbər verir ki, bunu Milli Məclisin deputatı Tahir Rzayev Aqrar Biznes Festivallarına həsr olunmuş yekun tədbirdə bildirib.
Onun sözlərinə görə, Kənd Təsərrüfatı Nazirliyinin müvafiq dövlət orqanları və digər tərəfdaşlarla birgə təşkil etdiyi çoxsaylı aqrar festivallar, məhsul bayramları, satış yarmarkaları və digər tədbirlər bilavasitə regionların kənd təsərrüfatı potensialını daha dəqiq müəyyənləşdirmək, aqrar sahəyə investisiya cəlb etmək, yeni məhsulların daxili və xarici bazarlara çıxışını genişləndirmək, fermer və sahibkarlar arasında işgüzar əlaqələri möhkəmləndirmək üçün çox vacibdir.
"Odur ki, bunu dəyərləndirmək lazımdır. Bu gün fermerlərin innovasiyalara əlçatanlığını təmin etmək, sahibkarların yüksək məhsuldar taxıl sortları ilə təminatına nail olmaq günümüzün tələbidir. Yerli istehsalçıların yüksək keyfiyyətli məhsullarını və onların iş təcrübəsini geniş auditoriyaya təqdim etmək, özəl toxumçuluğun inkişaf perspektivləri və toxum subsidiyalarının verilməsində dövlət dəstəyi barədə əhalini məlumatlandırmaq qarşıya qoyulan başlıca vəzifələrdəndir", - T.Rzayev vurğulayıb.
Deputat qeyd edib ki, hazırda fermerlər arasında maarifləndirmənin genişləndirilməsinə, qabaqcıl təcrübə və yeniliklərlə bağlı söhbətlərin aparılmasına, təlimlərin səviyyəsinin yüksəldilməsinə ehtiyac duyulur:
"Fermer əkdiyi, biçdiyi və götürdüyü məhsulun dəyərinin, haqqının, hesabının fərqində olmalıdır. Gəlir əldə etməyin yollarını dəqiq bilməlidir. Yəni o, boş yerə zəhmət çəkməməlidir. Bunun üçün biz onlara elmi əsaslara arxalanan faktlar, məlumatlar təqdim etməli, qabaqcıl təcrübənin, müasir texnologiyanın müsbət nəticələrini araşdırmalı və izah etməliyik".