IMG-LOGO

Məmməd Musayev: "Qida istehsalı üzrə tam dəyər zəncirinin olması vacibdir"

17 Dec 2025 11:39 4 baxış
IMG

Azərbaycanda qida məhsullarının istehsalı üzrə tam dəyər zəncirinin formalaşdırılması vacibdir.

"Report" xəbər verir ki, bunu Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının prezidenti Məmməd Musayev Bakıda keçirilən Aqrar Biznes Festivallarına həsr olunmuş yekun tədbirdə bildirib.

Onun sözlərinə görə, dünyada qida məhsullarının bahalaşması tendensiyası davam edir və Azərbaycan bu sahədə ehtiyaclarını ödəmək, daxili istehsalı, xüsusən də xam maldan emala keçidi təmin etmək üçün mövcud imkanlardan istifadə etməlidir: "Biz kənd təsərrüfatına yalnız torpaq və məhsul prizmasından deyil, toxumdan süfrəyə qədər, yəni istehsal, emal, logistika, qablaşdırma, markalanma və brend yaratma mərhələlərini əhatə edən kompleks yanaşma ilə baxmalıyıq. Məhz bu yanaşma məhsulun əlavə dəyərini artırır və ixrac imkanlarını genişləndirir".

M.Musayev qeyd edib ki, Azərbaycan sahibkarları artıq bir sıra ölkələrə, o cümlədən Səudiyyə Ərəbistanı, Qətər, BƏƏ və digər Körfəz ölkələrinə öz məhsullarını uğurla ixrac edirlər: "Bu bazarlarda "Made in Azerbaijan" brendinə etimad ildən-ilə artır. Konfederasiyamız Türk Ticarət və Sənaye Palatasında, eləcə də İslam Ticarət və İnkişaf Palatasında Azərbaycanın özəl sektorunu təmsil edir və sahibkarlarımızın yeni bazarlara çıxışı üçün institusional dəstək göstərir. Eyni zamanda Kənd Təsərrüfatı Nazirliyi və onun tabeliyində olan qurumlarla sıx və konstruktiv əməkdaşlıq edirik. Biz aqrar sektorda fiskal tənzimləmələrin təkmilləşdirilməsi, maliyyə resurslarına çıxışın genişləndirilməsi və mövcud çətinliklərin operativ həlli üçün daimi dialoqa xüsusi önəm veririk".

Xəbər lenti