IMG-LOGO

Azərbaycan çempionu: "Bilyard xanımlar üçün gözəl oyundur" - MÜSAHİBƏ

16 Dec 2025 16:32 5 baxış
IMG

Bilyardın "Pool" növü üzrə qadınlar arasında Azərbaycan çempionu olan Mina Nəsirova "Report"a müsahibə verib. İdmançı yarışdakı çıxışını dəyərləndirib, həmçinin Azərbaycanda qadın bilyardının perspektivləri haqqında düşüncələrini bölüşüb. O, karyerasına toxunub və qarşıdakı planlarından danışıb.

- Azərbaycan çempionatının qalibi oldunuz. Yarış sizin üçün necə keçdi?

- Yaxşı keçdi. Bilyard oynayan xanımların sayı çoxdur. Daha çox xanım cəlb olunsa, yarış bundan da maraqlı keçər. Azərbaycan çempionatında 9 nəfər iştirak etdi. Əslində bu da yaxşı göstəricidir. Əvvəllər ümumiyyətlə xanımlar gəlib oynamaq istəmirdilər. Amma yarışların maraqlı keçdiyini görürlər və iştirak edirlər.

- Rəqiblərinizin səviyyəsi haqqında məlmuatınız var idi?

- Bəli, əksəriyyətini - 6-7 nəfəri əvvəlki turnirlərdən tanıyıram. Bilirəm ki, onlar da hər gün məşq edir, oynayır və inkişaf edirlər.

- Çempionluq nə dərəcədə gözlənilən idi?

- Finala çıxacağımı gözləyirdim. Ümumiyyətlə, yarış təcrübəm digər xanımlardan daha çox olduğuna görə birinci yeri tutacağımı düşünürdüm. Əlbəttə, oyunda hər şey ola bilər. Amma çempionluğa inanırdım.

- Bilyardın yalnız "Pool" növündə çıxış edirsiniz?

- Bəli, ancaq "Pool" oynayıram. Amma əlində kiy tutan, şarları vura bilən hər kəs kimi başqa növlərdən də məlumatım var. Buna baxmayaraq, yalnız "Pool" yarışlarında iştirak edirəm.

- Azərbaycanda peşəkar bilyard oynayan xanımların sayı çox azdır. Sizdə bilyarda həvəs necə yaranıb?

- Əslində, dünyada xeyli sayda bilyard oynayan xanımlar var. Azərbaycanda isə bu say 20-dən çoxdur. Bəlkə də daha yaxşı oynayan xanımlar var.

- Neçə ildir bilyardla məşğul olursunuz?

- 14 ildir oynayıram. Övladlarım olduğu üçün karyerama bir neçə il fasilə vermişdim. Son il yarımdır ki, intensiv şəkildə məşqlər edirəm. Daha yaxşı nəticələr göstərə bilərəm.

- Beynəlxalq yarışlarda iştirak etmisiniz?

- Dəfələrlə Avropa çempionatlarında çıxış etmişəm. Bəzi hallarda qələbə qazana, kimlərisə məğlub edə bilmişəm. Amma düşünürəm ki, mənim üçün yer tutmaq hələ tezdir. Çünki məşqlərə yeni başlamışam. Digər rəqiblərim isə illərdir məşq edir, yarışlara qoşulurlar. Bəzən görürsən ki, rəqibim zəif olmasına baxmayaraq, daha çox turnirlərdə iştirak etdiyi üçün mənə qalib gələ bilir. Halbuki onu məğlub edə bilərəm. Hesabda 4:0 irəlidə olduğum halda belə rəqibimə uduza bilərəm. Bu, psixoloji hazırlıqla da bağlıdır.

- Azərbaycanda bilyard son illərdə inkişaf etməyə başlayıb. Buna qədər harada çıxış edirdiniz, necə məşğul olurdunuz?

- Müxtəlif bilyard klubları var. Klublarda illərdir yarışlar keçirilir. Əvvəllər yalnız bazar günləri keçirilən kommersiya xarakterli turnirlərdə iştirak edirdim. Başqa vaxtlarda məşq etmək imkanım olmayıb. Son illərdə "artırmışam". Təzə liqalar var, bir-birimizlə oynayırıq. Daha çox oynamaq imkanım olur. "Pool" üzrə Azərbaycan çempionatları 2019-cu ildən keçirilir. İlk dəfə məhz 2019-cu ildə çempion olmuşam.

- Neçə dəfə çempionluq sevinci yaşamısınız?

- Bu, üçüncü çempionluğumdur.

- Bilyarda yeni başlayanda yaxın ətrafınız, ailəniz və ya həyat yoldaşınız bunu necə qarşıladı?

- Çox gözəl yanaşırdılar. Hətta atam sağlığında çıxışımı yaxından izləyirdi, fikirlərimi soruşurdu, dəstək verirdi. Həmçinin anam, bacım, qardaşım da dəstəklərini əsirgəmirlər. Yaxın qohumlarım, tanışlarım da mənimlə maraqlanır və yarışlarda uğurlar arzulayırlar. Qatıldığım beynəlxalq yarışları yutub və televiziya vasitəsilə izləyirlər.

- Azərbaycanda qadın bilyardının perspektivini necə görürsünüz?

- Məncə, yaxşı olacaq. Dəfələrlə azyaşlı uşaqların valideynləri əlaqə saxlayıb, övladlarına bilyard öyrətməyimi xahiş ediblər. Bəzi valideynlər qız övladlarının telefon vasitəsilə bu oyunu oynadığını, həvəsli olduğunu, evlərinə bilyard masası almaq istədiklərini bildirirlər. Mənim də dərs keçməyimi istəyirlər.

- Hazırda tələbələriniz var?

- Yoxdur, çünki son vaxtlar yarışlara çox qatılıram. Buna baxmayaraq, əlaqə saxlayıb övladlarını dərs keçmək üçün göndərmək istəyənlər var. Düşünürəm ki, gələcəklər.

- Yəni həm də məşqçi kimi davam etmək istəyirsiniz?

- Bəli, kim arzulayırsa, qız övladını kiçik yaşlarından gətirə bilər. Böyük məmnuniyyətlə qəbul edərəm və məşğul olaram. Bu, Azərbaycanda bilyardın inkişafı, gələcəyi üçün borcumuzdur. Çünki bilyard xanımlar üçün gözəl oyundur. Çox yaxşı və təhlükəsizdir, həmçinin başqa idmanlardan seçilir. Fikrimcə, gələcəkdə bilyard olimpiya idman növü olacaq. Əlbəttə, mən də qatılmaq istəyərəm. Avropa çempionatında 3 dəfə iştirak etmişəm. Hər il Gürcüstanda yarışa gedirik. Gənclər və İdman Nazirliyi də bizə dəstək göstərir.

- Qarşıdakı planlarınız necədir?

- Avropa çempionatı olacaq. Komanda şəklində iştirak nəzərdə tutulub. Bu yarışa hazırlaşırıq. Həmçinin liqalar keçirilir. Bildiyiniz kimi, ölkə çempionatı yenicə bitib. Yarışlara yüksək səviyyədə hazırlaşırıq. Bu dəfə daha yaxşı nəticə göstərmək üçün əlimdən gələni edəcəyəm.

Xəbər lenti