IMG-LOGO

Lord: Azərbaycanın Orta Dəhlizdəki rolu cəlbedici imkanlar yaradır

16 Dec 2025 16:41 5 baxış
IMG

Azərbaycan Orta Dəhlizin formalaşmasında mühüm rol oynayır.

"Report"un məlumatına görə, bu barədə Böyük Britaniyanın Azərbaycan və Mərkəzi Asiyadakı ticarət elçisi, Lordlar Palatasının üzvü Con Alderdays Britaniyanın Azərbaycandakı səfirliyinin yaydığı videomüraciətdə bildirib.

Onun sözlərinə görə, bu da xüsusilə cəlbedici imkanlar təqdim edir.

C.Alderdaysın sözlərinə görə, o, ticarət elçisi qismində ilk dəfə Azərbaycanı ziyarət edib və səfər müddətində ölkənin Xəzər dənizi sahillərindən Naxçıvana qədər müxtəlif bölgələrində olub.

O qeyd edib ki, Azərbaycan Prezidenti İlham Əliyev, hökumət üzvləri, həmçinin biznes nümayəndələri ilə görüşmək şərəfinə nail olub: "Biz hamımız Britaniya ilə Azərbaycan arasında iqtisadiyyatın bir çox əsas sektorlarında tərəfdaşlığı dərinləşdirmək istəyini bölüşürük. Mən iqtisadi əlaqələrin onilliklərinə əsaslanaraq və onların hüdudlarından kənara çıxaraq, eləcə də əməkdaşlığımızı bir-birimizdən öyrənərək strateji tərəfdaşlıq səviyyəsinə qədər dərinləşdirməyimizdən qürur duyuram".

Ticarət elçisi, həmçinin qeyd edib ki, tərəflər "təmiz enerji", Orta Dəhlizin infrastrukturu, iqtisadiyyatın diversifikasiyası və təhsil sahələrində birgə layihələr həyata keçirirlər.

"Azərbaycanın Orta Dəhlizin formalaşmasındakı mühüm rolu xüsusilə cəlbedici imkanlar açır. Bu səfər göstərdi ki, strateji tərəfdaşlar kimi biz birlikdə daha çox şeyə nail ola bilərik. Mən ölkəni Böyük Britaniya və Azərbaycan münasibətlərinin gələcəyi ilə bağlı səmimi ruh yüksəkliyi və nikbinliklə tərk edirəm", - C.Alderdays yekunlaşdırıb.

Xəbər lenti