Qış fəslinin başlanmasına artıq sayılı günlər qalır. Son günlər havada hiss olunan şaxta və kəskin soyuqlar qarşıdan gələn qışın sərt keçəcəyinə işarə edir. Mövsümün dəyişməsi ilə yanaşı, əhali arasında da narahatlıq artır. Vətəndaşları əsasən bir sıra vacib suallar düşündürür: yollar qış şəraitinə nə dərəcədə hazırdır, qar və buzlanma hallarında nəqliyyatın hərəkəti təmin edilə biləcəkmi, eləcə də su, qaz və istilik təchizatında fasilələr?
Lent.az paytaxtın qışa necə hazırlanması ilə bağlı müvafiq qurumlara sorğular ünvanlayıb.
Bakı Şəhər İcra Hakimiyyətindən bildirildi ki, paytaxtda qışa hazırlığın vəziyyəti ilə bağlı noyabrın ikici yarısından etibarın şəhərin rayonlarında kommunal, təsərrüfat xidmətləri, idarə və təşkilatlarının, təhsil müəssisələrinin, özəl sektorun nümayəndələrinin iştirakı ilə müşavirələr keçirilib:
“Müşavirələrin əsas məqsədi rayon xidmətlərinin soyuq qışa, xüsusilə güclü qar yağmasına hazırlığın vəziyyətinin araşdırılması, bu zaman görülməsi zəruri olan işlər müzakirə edilməsi olub.
Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən hər bir rayona cavabdeh şəxs təyin edilib, həmin şəxslər yerli İcra Hakimiyyətlərinin nümayəndələri ilə birgə rayonlarda qış mövsümünə hazırlığı, verilən tapşırıqların və görülən işlərin icra vəziyyətini yoxlayırlar.
Qış aylarında güclü qar yağması etimalı ilə əlaqədar rayon İcra Hakimiyyətlərində qışa hazırlıqla bağlı yaradılan qərargahlar, kommunal və təsərrüfat xidmətləri və aidiyyəti təşkilatların rəhbərləri həmin günlərdə üzərilərinə düşən vəzifələrin tam şəkildə yerinə yetirilməsi üçün hazır olmalıdırlar. Artıq hər il olduğu kimi hər bir quruma qarın təmizlənməsi üçün lazımi qədər alət, inventarın (bel, kürək, ling və s.) toplanması, duz ehtiyatı yaradılması, xüsusi texnikaların vəziyyətinin yoxlanılması ilə bağlı tapşırıqlar verilib. Rayondakı küçə və məhəllələrin qardan təmizlənməsinə cavabdeh şəxslərin siyahıları hazırlanıb, bu işlərə kommunal qurumların texnikası ilə yanaşı idarə, təşkilat, bələdiyyə və özəl qurumların da mövcud texnikalarının cəlb ediləcəkdir.
Həmçinin rayonlardakı idarə, təşkilat və özəl qurumlar, bələdiyyələr, o cümlədən ictimai iaşə müəssisələrinin rəhbərlərinə, ictimaiyyət nümayəndələrinə qarlı günlərdə özlərinə aid ərazilərin təmizlənməsində yaxından iştirak etməyə cəlb ediləcək”,-deyə bildirildi.
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən (AAYDA) bildirildi ki, Bakıda maşın-mexanizm və texnikalar qış mövsümündə işləməsi üçün saz vəziyyətə gətirilmiş, yanacaq-sürtgü materialları ehtiyatı yaradılmış, sürüşməyə qarşı zəncirlər alınıb:
“Respublikanın avtomobil yollarına xidmət göstərilməsi üçün də maşın-mexanizm və texnikalat hazır vəziyyətə gətirilib. Bundan başqa mövsümdə tələb olunan miqdarda qum və texniki duz ehtiyyatının toplanması işləri aparılıb. Mailliyi böyük olan sahələrə və sərt döngələrə səpilməsi üçün nəzərdə tutulmuş qum və duz qarışığından ibarət ehtiyyatlar yığılıb. Eyni zamanda qış mövsümündə yollarda işləyən işçilərin isti paltar, ayaqqabı və digər zəruri əşyalarla təmin edilməsi və qızınma məntəqələrinin yaradılması təşkil edilib.
Payız-qış mövsümünə hazırlıq məqsədi ilə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən körpülərin requlyasiyalarının dağılmış hissələrinin bərpası və körpülər yerləşən ərazidə çayların yataqlarının təmizlənməsi, yol nişanlarının, yol avadanlıqlarının və siqnal dirəklərinin texniki vəziyyətinə baxış keçirilməsi və mövcud nöqsanların aradan qaldırılması, həmçinin avtomobil yollarının cari təmiri, çiyinlərin bərkidilməsi, suötürücü boruların giriş-çıxış hissələrinin və küvetlərin təmizlənməsi işləri aparılıb”,-deyə qeyd olundu.
İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətindən sorğumuza cavab olaraq bildirildi ki, qış aylarında su təchizatı sistemində yarana biləcək problemlərin aradan qaldırılması istiqamətində fəaliyyətini davam etdirməkdədir:
“Kanalizasiya kollektorlarının yuyulması, baxış quyuları və yağış barmaqlıqlarının təmizlənməsi işləri həyata keçirilir. Buna səbəb xəttlər intensiv yağışlar zamanı həm yağış sularını həm də tullantı sularını maneəsiz şəkildə daşıya bilsin. Eyni zamanda kanalizasiya nasos stansiyaları təftiş olunur orada mövcud olan digər mexaniki avadanlıqlar saz vəziyyətə gətirilir.
Bundan başqa qış aylarında ən çox problemlər sayğaclar və magistral paylayıcı şəbəkələrdə baş verən donvurmalardır. Belə ki, vətəndaşlar tərəfindən primitiv qaydada çəkilmiş su xətlərinin əksəriyyətində izolyasiya məsələləri nəzərə alınmamışdır. Tövsiyəmiz odur ki, həmin xəttlər ya izolyasiya olunmalı ya da torpaq altına keçirilməlidir”.
Qurum onu da qeyd etdi ki, fərdi yaşayış evlərində və fərdi həyətyanı sahələrdə eləcə də kommersiya obyektlərində quraşdırılmış sayğacların şaxtalı günlərdə donvurma nəticəsində sıradan çıxmasının qarşısının alınması üçün zəruri və qabaqlayıcı tədbirlərin görülməlidir.
“Şaxtanın daha çox olduğu gecə saatlarında sayğac içərisində suyun qalmaması üçün sayğacın giriş vintili bağlanmalı, çıxış vintili açıq saxlanılmalı və sayğac qutusunun qapağı bağlı qalmalıdır. Donvurmadan mühafizə tədbirləri kimi sayğacların üzərində isti materiallarında örtük və sayğacın quru ağac yonqaları ilə əhatə olunması tövsiyə olunur”.
“Azəristiliktəchizat”dan cavab veriləcəyi bildirildi, “Azərqaz”dan isə ümumiyyətlə cavab gəlmədi.
Bakı qışa hazırdırmı? AAYDA BŞİH Azəriqaz Azəristiliktəchizat ADSEA Bakıda qış fəsli Bakıda qar Kommunal Yol problemi

