Rusiyanın Həştərxan vilayətinin hədiyyəsi olaraq Azərbaycanın Qubadlı rayonunun Mahruzlu kəndində 80 yerlik uşaq bağçasının tikintisi növbəti ilin yazında başa çatacaq.
"Report"un məlumatına görə, bu barədə vilayətin qubernatoru İqor Babuşkin bu gün Bakıda Azərbaycanın Baş naziri Əli Əsədovla görüşünün nəticələrinə dair sosial şəbəkələrdəki səhifəsində yazıb.
Qubernator qeyd edib ki, Azərbaycana səfəri çərçivəsində uşaq bağçasının tikintisi ilə tanış olub.
"Beləliklə, növbəti ilin yazında Azərbaycanın Mahruzlu kəndində uşaq bağçasının tikintisi başa çatacaq, işlərin gedişatına nəzər yetirdik. Müəssisə rusiyalı yazıçı Pyotr Yerşovun adını daşıyacaq və interyer onun nağılların motivləri əsasında rəsmlərlə bəzədiləcək", - İ.Babuşkin qeyd edib.
Onun sözlərinə görə, Ə.Əsədovla görüşdə, həmçinin gəmiqayırma sahəsində əməkdaşlıq imkanları və Həştərxan iqtisadi zonasına Azərbaycan investisiyalarının cəlb edilməsi müzakirə olunub.
"Qeyd etmək lazımdır ki, Azərbaycan tərəfindən bizim regionda da bir sıra sosial əhəmiyyətli layihələr həyata keçirilib. Xüsusilə, Heydər Əliyevin adını daşıyan park yenidən qurulub və Ümummilli Liderin adını daşıyan məktəb təmir edilib, "Dostluq" uşaq bağçası açılıb, knyaz Vladimirin abidəsi qoyulub və abadlaşdırılıb", - qubernator yazıb.
Bundan əlavə, İ.Babuşkin qeyd edib ki, görüşün əsas mövzularından biri Rusiyanın Həştərxan vilayəti və Azərbaycan arasında turizmin inkişafı olub: "Azərbaycan turistlərimiz üçün ən tələb olunan istiqamətlərdən biridir".

