Fövqəladə Hallar Nazirliyi (FHN) işçilərinin peşə bayramı günü və nazirliyin yaranmasının 20-ci ildönümü ilə əlaqədar təntənəli mərasim keçirilib.
"Report"un məlumatına görə, mərasimdə fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərov iştirak edib.
Tədbirdə, həmçinin Beynəlxalq Mülki Müdafiə Təşkilatının Baş katibi Ərgüc Kələntərli, Qırğız Respublikasının fövqəladə nallar naziri general-leytenant Boobek Ajikeev, Özbəkistan Respublikasının fövqəladə hallar nazirinin birinci müavini Sanjar Zuparov, Rusiya Federasiyası fövqəladə hallar nazirinin müavini Roman Kurınin, Belarus Respublikası fövqəladə hallar nazirinin müavini general-mayor İqor Bolotov, Tacikistan Respublikası Tacikistan Hökuməti yanında Fövqəladə Hallar Komitəsi sədrinin müavini general-mayor İbrohimzoda İmomali, Gürcüstan daxili işlər nazirinin müavini Giorgi Sahokia, Birləşmiş Ərəb Əmirliklərinin Fövqəladə Hallar, Böhranlar və Fəlakətlərin İdarəedilməsi Milli Qurumu Əbu-Dabi Mərkəzinin rəhbəri Ali Mohammed Al Mutava Al Daheri, Qətər Dövlətinin Mülki Müdafiə Baş İdarəsinin Departament direktoru Həməd Ərqub Əl-Xaldi, Azərbaycan FHN-in əməkdaşları, FHN yanında İctimai şuranın üzvləri, Fövqəladə hallar könüllüləri və media təmsilçiləri iştirak ediblər.
Mərasim iştirakçıları Fövqəladə Hallar Nazirliyinin Akademiyasında nazirliyin xüsusi texnikalarından ibarət sərgi ilə tanış olublar. Sərgidə Azərbaycan FHN-in strukturuna daxil olan qurumların istifadəsində olan ən müasir texnika və avadanlıqlar nümayiş olunub.
Dövlət Himni səsləndirildikdən sonra Fövqəladə Hallar Nazirliyinin şəxsi heyətinin təntənəli keçidi olub.
Daha sonra FHN-in Akademiyası ilə tanışlıq olub. Qonaqlara Akademiyada fəaliyyət göstərən Heydər Əliyev Mərkəzi haqqında məlumat verilib, Akademiyanın Muzeyi, konfrans zalı və kitabxanaya baş çəkilib.
Mərasim FHN Akademiyasının akt zalında davam etdirilib.
Tədbir iştirakçıları nazirliyin İctimaiyyətlə əlaqə idarəsi tərəfindən hazırlanmış və Azərbaycan FHN-in 20 illik tarixindən bəhs edən videoçarxı izləyiblər.
Azərbaycanın fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərov mərasimdə çıxış edib. O, peşə bayramı və əlamətdar yubiley münasibətilə Fövqəladə Hallar Nazirliyinin şəxsi heyətini, bu illər boyu çiyin-çiyinə çalışmış hər kəsi ürəkdən təbrik edən nazir FHN-in əməkdaşlarına çətin, lakin şərəfli işlərində daim uğurlar arzulayıb.
Qeyd edilib ki, 2023-cü il sentyabrın 19-20-də keçirilən və cəmi 23 saat davam edən lokal xarakterli antiterror tədbirləri nəticəsində erməni separatizminə son qoyuldu, Azərbaycanın dövlət suverenliyi tam şəkildə bərpa olundu.
Nazir müstəqil Azərbaycanın memarı Ümummilli Lider Heydər Əliyevin istər sovetlər birliyi dövründə, istərsə də müstəqillik illərində sosial-iqtisadi həyatın digər sahələri kimi, xalqın təhlükəsiz və firavan yaşayışının təmin edilməsi işinə daim xüsusi diqqətlə yanaşdığını xatırladıb.
K.Heydərov ötən 20 il ərzində dövlət başçısının diqqət və qayğısı sayəsində Fövqəladə Hallar Nazirliyinin ən müasir maddi-texniki imkanlara malik, istənilən fövqəladə hadisə ilə uğurla mübarizə aparmaq iqtidarında olan peşəkar dövlət orqanı kimi formalaşdığını qeyd edib:
"Ötən illər ərzində alınan tək xüsusi texnikaların sayı 1134, o cümlədən yanğınsöndürmə avtomobillərinin sayı 789-dur. Bundan əlavə, yüzlərlə digər texniki vasitələr alınaraq istismara verilib.
Qısa müddətdə Bakıda və respublikanın bölgələrində doqquz regional mərkəzin fəaliyyəti təmin edildi, qurumların istifadəsi üçün yararsız inzibati və texniki binalar, depolar əsaslı təmir olundu, yeniləri tikildi. Belə ki, yola salınan illər ərzində yalnız yanğından mühafizə üzrə 80 ədəd yeni depo binası tikilərək istifadəyə verilib".
Nazir bildirib ki, xüsusi ixtisaslı ali təhsilli kadrların hazırlanması, əməkdaşların ixtisaslarının artırılması və fövqəladə hallar sahəsində elmi-tədqiqat işlərinin aparılması məqsədilə Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə 2008-ci ildə yaradılan Fövqəladə Hallar Nazirliyinin Akademiyası ötən müddətdə bakalavriat pilləsi üzrə 1650 nəfər, magistratura pilləsi üzrə 121 nəfər məzun yetişdirib.
Nazirliyin görülən kompleks tədbirlər sayəsində ötən illər ərzində baş vermiş müxtəlif mürəkkəblik dərəcəsinə malik fövqəladə hadisələrlə mübarizədən uğurla çxıdığını deyən nazir yanğın-xilasetmə əməliyyatlarına dair statistikaya diqqət çəkib. Qeyd edib ki, son 20 il ərzində ölkə iqtisadiyyatının üç dəfədən çox böyüdüyünü, çoxsaylı yeni istehsal müəssisələri və iş yerlərinin yaradıldığını, çoxşaxəli kommunikasiya sistemlərinin istifadəyə verildiyini, irimiqyaslı bərpa-quruculuq işlərinin aparıldığını, əhalinin sayının 2007-ci ildə təxminən 8 milyon yarımdan artaraq 2024-cü ildə 10 milyonu keçməsini nəzərə almaqla, 2007-ci ildə ölkə üzrə 4517 təbii və texnogen mənşəli hadisə qeydə alınmışdısa, 2024-cü il ərzində bu rəqəm 14856-ya bərabər olub.
Bununla belə, hadisələrin sayında böyük artıma baxmayaraq, 2007-ci ildə göstərilən hadisələrdə 131 nəfər insan tələfatı qeydə alınmışdısa, 2024-cü ildə təbii və texnogen mənşəli hadisələrdə 83 nəfər həyatını itirib. Hadisələrin sayında bu qədər artım qarşısında insan itkisinin sayında azalma Fövqəladə Hallar Nazirliyinin çevik və effektli fəaliyyətinin mühüm göstəricisi olmaqla əldə edilən ən ciddi uğurlardan biri kimi dəyərləndirilməlidir.
Nazir deyib: "Təkcə bir rəqəmi qeyd etsək, insanların Fövqəladə Hallar Nazirliyinə olan güvəni barədə aydın təsəvvür yaranmış olar. Belə ki, yanğın, partlayış, avtoqəza, tikintidə, sənayedə və dağ-mədən işlərində təhlükəsizlik qaydalarının pozulması və digər məsələlərlə bağlı "112" qaynar xəttinə 2024-cü il ərzində 2,2 milyona yaxın və ya orta hesabla hər gün 6 mindən artıq zəng daxil olub".
Nazir qeyd edib ki, Fövqəladə Hallar Nazirliyinin qüvvələri Vətən müharibəsi günlərində cəbhəboyu zonada yaşayan əhalinin təhlükəsiz məntəqələrdə yerləşdirilməsi və hər cür təminatının təşkili, döyüşlərdə yaralanmış əsgər və zabitlərimizin təyyarə və helikopterlərlə təxliyəsi, Ermənistanın mülki obyektlərə endirdiyi zərbələr nəticəsində yaranan yanğın və dağıntıların operativ aradan qaldırılması, zərərçəkmişlərin xilas edilməsi, onlara psixoloji yardımın təşkili kimi vəzifələri şərəflə yerinə yetirib. Bu gün isə Nazirliyin yerli strukturları işğaldan azad olunmuş ərazilərdə minatəmizləmə əməliyyatını, aparılan irimiqyaslı bərpa-yenidənqurma işləri ilə bağlı tikinti, texniki, yanğın və nüvə təhlükəsizliyinə nəzarəti həyata keçirir, doğma Qarabağ və Şərqi Zəngəzurda fövqəladə hallarla uğurla mübarizə aparır.
Sonra çıxış edən qonaqlar – Beynəlxalq Mülki Müdafiə Təşkilatının Baş katibi Ərgüc Kələntərli, Qırğız Respublikasının fövqəladə nallar naziri Boobek Ajikeev və Rusiya Federasiyası fövqəladə hallar nazirinin müavini Roman Kurınin Azərbaycan Fövqəladə Hallar Nazirliyinin kollektivini yubiley münasibətilə təbrik edib, fəaliyyətlərində uğurlar arzulayıblar. Qeyd olunub ki, Azərbaycan FHN-in ötən 20 il ərzində böyük inkişaf yolu keçməsi, əldə etdiyi uğurlar, o cümlədən beynəlxalq humanitar əməliyyatlarda peşəkar fəaliyyəti təqdirəlayiqdir.
Daha sonra "Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin əməkdaşlarına ali hərbi və ali xüsusi rütbələrin verilməsi haqqında" və "Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi əməkdaşlarının təltif edilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 15 dekabr 2025-ci il tarixli sərəncamları oxunub.
Tədbirdə xidmətdə fərqlənən əməkdaşların həvəsləndirilməsi tədbirləri haqqında fövqəladə hallar nazirinin əmri barədə məlumat verilib, bir qrup əməkdaşa təltiflər təqdim edilib.
Sonda mərasim iştirakçıları adından Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyevə müraciət qəbul olunub.
Tədbirə bədii hissə ilə yekun vurulub.



















































