Milli Məclisdə dövlət rüsumlarından azadolma hüququ olan şəxslər barədə vahid elektron reyestrin yaradılması təklif edilib.
"Report" xəbər verir ki, bunu Milli Məclisin deputatı Vasif Qafarov parlamentin bugünkü plenar iclasında deyib.
O qeyd edib ki, həmin məlumatların bütün dövlət xidmətlərinin, o cümlədən daşınmaz əmlakın dövlət qeydiyyatını həyata keçirən orqanların informasiya sistemlərinə inteqrasiya edilməsi məqsədəuyğun olar:
"Bu addım hüquqi mexanizmlərin təkmilləşdirilməsinə, dövlət rüsumlarından azadolma hüququ olan şəxslərin bu hüquqlarını hansısa arayışla təsdiq edilməsi mexanizmlərinin aradan qaldırılmasına və vətəndaşlar üçün prosedurların operativ, şəffaf icrasının təmin edilməsinə xidmət edər".