Prezident İlham Əliyevin amnistiya təşəbbüsü güclü dövlətçiliklə yanaşı, humanizm və sosial ədalət prinsiplərinə sadiqliyin göstəricisidir.
Bu fikirləri "Report"a açıqlamasında Milli Məclisin deputatı Vüqar İskəndərov bildirib.
"Amnistiya aktı dövlətin öz vətəndaşına inamını, cəmiyyətin sağlamlaşdırılmasına yönəlmiş siyasi iradəni açıq şəkildə nümayiş etdirir", - V.İskəndərov söyləyib.
Onun fikrincə, Prezident İlham Əliyevin qətiyyətli mövqeyi, ardıcıl siyasəti və uzaqgörən strategiyası nəticəsində
Azərbaycan regionda söz sahibi olan güclü dövlətə çevrilib.
Deputat Vətən müharibəsində qazanılan şanlı Zəfərin və 2023-cü ilin sentyabrında həyata keçirilmiş antiterror tədbirlərinin ölkəmizin suverenliyinin və ərazi bütövlüyünün tam bərpasını təmin etdiyini deyib. Bununla da Konstitusiyanın ali hüquqi qüvvəsi Azərbaycanın bütün ərazilərində bərqərar olub və bu hadisə xalqımızın tarixində misilsiz nailiyyət kimi dəyərləndirilməlidir.
Onun sözlərinə görə, amnistiya layihəsində Vətən müharibəsi və antiterror əməliyyatlarının iştirakçılarına, şəhid ailələrinə, müharibə əlillərinə, eləcə də sosial həssas kateqoriyalara xüsusi yer ayrılması dövlətin sosial məsuliyyətinin bariz ifadəsidir. Deputatın sözlərinə görə, bu addım minlərlə insanın yenidən normal həyata qayıtmasına və cəmiyyətə inteqrasiyasına şərait yaradacaq.
V.İskəndərov vurğulayıb ki, miqyasına görə ən böyük amnistiyalardan biri olacaq bu təşəbbüs suverenliyin tam bərpası fonunda qəbul edilən mühüm siyasi və hüquqi qərar kimi tarixə düşəcək və güclü Azərbaycan dövlətinin gələcəyə inamını bir daha təsdiqləyəcək.

