Bu gün BP ADA Universiteti və ADA Universiteti Fondu ilə birlikdə Qazaxda və Gəncədə həyata keçirilmiş bir sosial təşəbbüsü tamamlayıb.
"Report" "BP-Azerbaijan" şirkətinə istinadən xəbər verir ki, bu münasibətlə dekabrın 13-də ADA Universitetinin Qazax Mərkəzində tədbir keçirilib.
Layihədə əsas məqsəd müəllimlərin məktəblilərdə əqli sağlamlıq problemlərini vaxtında aşkar edərək aradan qaldırmaq bacarıqlarını artırmaqdır ki, bu da daha ciddi psixoloji fəsadların qarşısını almağa kömək edəcək.
Ümumiyyətlə isə layihə uşaqlarda əqli sağlamlıqla bağlı hər hansı problemin ilk əlamətlərini vaxtında görərək ilkin dəstək göstərmək və erkən müdaxilə etmək məqsədilə müəllimləri lazımi bacarıqlarla təmin etmək üçün nəzərdə tutulub.
Layihə çərçivəsində məktəb müəllimləri üçün əqli sağlamlıq problemlərinin aşkarlanması və erkən müdaxilə vasitələrinin tətbiqi üzrə geniş təlim proqramı hazırlanıb. Ümumilikdə 40 saatdan ibarət bu təlimə il ərzində rayon məktəblərindən təxminən 60 müəllim qatılıb. Təlim proqramı əqli sağlamlıq məsələləri, uşaq psixologiyası və emosional vəziyyət haqqında müəllimlərin bilik və anlayışlarını əhəmiyyətli dərəcədə artırıb.
Təlim proqramı hər birində 15-20 müəllim olmaqla dörd qrup üzrə aparılıb və hər qrupun dərsləri həftə sonları həm əyani, həm də onlayn rejimdə keçirilməklə iki ay davam edib.
Bundan başqa, layihə çərçivəsində müəllimlərin bir-birindən öyrənmələri və daim inkişafı üçün dəstək şəbəkələri də yaradılıb. Bu şəbəkələr müəllimlərə əqli sağlamlıq məsələlərinin həllində qarşılaşdıqları çətinlikləri və bununla bağlı təcrübələrini bir-biriləri ilə paylaşmağa imkan yaradır.
Tədbirdə çıxış edən BP-nin Azərbaycan, Gürcüstan və Türkiyə regionu üzrə sosial sərmayələr rəhbəri Xalid Rəcəbov deyib ki, şirkət icmalara əhəmiyyətli faydalar gətirə biləcək təşəbbüsləri dəstəkləməkdən qürur duyur: "Əqli sağlamlıq uşaqların rifahının vacib hissəsidir. Bu təşəbbüs ilkin problemləri kəskinləşməzdən əvvəl aşkarlaya bilən hazırlıqlı müəllimlər şəbəkəsini formalaşdıraraq rayon məktəblərində əqli sağlamlıqla bağlı erkən müdaxilə üçün mühüm bünövrə yaradır. Niyyətimiz məlumatlılığı artırmaqla və müəllimləri lazımi vasitə və biliklərlə təmin etməklə daha sağlam tədris mühitinin formalaşmasına və icmaların uzunmüddətli rifahına töhfə verməkdir."
ADA Universiteti Fondunun prezidenti Natiq Haciyev isə deyib ki, bu layihə biznes-təhsil əməkdaşlığının gücləndirilməsi, həmçinin əhəmiyyətli sosial məsuliyyət təşəbbüslərinə töhfə vermək üzrə uzunmüddətli öhdəliyini əks etdirir: "Davamlı əməkdaşlığa və birgə səylərimizin məqsədini daha da artırdığına və bu səylərə böyük dəyər qatdığına görə bp şirkətinə dərin təşəkkürümüzü bildiririk. İstəyimiz bu əməkdaşlığı irəli aparmaq və birlikdə cəmiyyət üçün daha da böyük faydalar gətirməkdir".
Layihə ADA Universiteti Fondu tərəfindən həyata keçirilib. BP-nin layihəyə töhfəsi 240 488 manat (141 464 ABŞ dolları) təşkil edib.

