IMG-LOGO

NATO-nun Cənubi Qafqaz və Mərkəzi Asiya üzrə xüsusi nümayəndəsinin seçimi davam edir

15 Dec 2025 16:01 5 baxış
IMG

NATO-nun Cənubi Qafqaz və Mərkəzi Asiya üzrə xüsusi nümayəndəsinin seçim prosesi davam edir.

Bunu "Report"a müsahibəsində İsveçin Azərbaycandakı səfiri, NATO-nun Bakıdakı əlaqələndirici səfirliklərinin rəhbərlərindən biri olan Tobias Lorentsson deyib.

Diplomat tezliklə Cənubi Qafqaz regionunda Alyansln yeni xüsusi nümayəndəsinin olacağına ümidvar olduğunu deyib.

"Bu təyinat NATO-nun Azərbaycan və bütövlükdə Cənubi Qafqazla tərəfdaşlığının daha da gücləndirilməsinə xidmət edəcək", - o əlavə edib.

NATO-nun Bakıdakı əlaqələndirici səfirliyinin rəhbəri vəzifəsini Slovakiyanın Azərbaycandakı səfiri Elçin Qasımov da icra edir. O qeyd edib ki, Şimali Atlantika Alyansı regiondakı cari vəziyyəti diqqətlə izləyir.

"NATO Ermənistan və Azərbaycan arasında sülh sazişi ilə bağlı danışıqların başa çatmasını alqışlayır və sazişin imzalanmasını və ratifikasiyasını səbirsizliklə gözləyir. Bu, normallaşma prosesində irəliyə doğru mühüm addımdır və regional təhlükəsizliyin möhkəmləndirilməsinə töhfə verir", - o bildirib.

Qafqaz və Mərkəzi Asiya üzrə xüsusi nümayəndə vəzifəsi 2004-cü ildə NATO-nun İstanbul sammitindən sonra təsis edilib. Nümayəndə strateji cəhətdən mühüm regionlarda Alyansın siyasətinin həyata keçirilməsi, tərəfdaş ölkələrin - Azərbaycan, Ermənistan, Gürcüstan, Qazaxıstan, Qırğızıstan, Tacikistan, Türkmənistan və Özbəkistan hökumətləri ilə qarşılıqlı əlaqələr və əməkdaşlıq proqramlarının koordinasiyasına görə məsuldur.

Daha əvvəl bu vəzifəni tutan Xavyer Kolomina 2024-cü ilin iyul ayında NATO-nun Cənub Qonşuluğu üzrə xüsusi nümayəndəsi təyin edilib.

Qeyd edək ki, 2025-2026-cı illərdə NATO-nun Azərbaycandakı əlaqələndirici səfirlikləri (Contact Point Embassy, CPE) funksiyalarını Slovakiya və İsveçin diplomatik missiyaları həyata keçirir.

Səfirlərlə müsahibənin tam mətni ilə bu link vasitəsilə tanış ola bilərsiniz.

Xəbər lenti