Bu gündən kəndimizdə rahat, azad yaşayacağıq.
"Report" xəbər verir ki, bunu Cəbrayıl rayonunun Horovlu kəndinin sakini, keçmiş məcburi köçkün Teymur Allahverdiyev jurnalistlərə müsahibəsində deyib.
"Bu gün Horovlu kəndinə qayıdışımızın əsas səbəbkarlarından olan bütün şəhidlərimizə Allahdan rəhmət diləyir, qazilərimizə can sağlığı arzulayırıq. Ermənilər 1992-ci ildə bizi silah gücünə kəndimizi tərk etməyə məcbur etdilər. Şükür Allaha, Azərbaycanın igid oğulları kəndimizi işğalçılardan təmizlədilər", - T.Allahverdiyev vurğulayıb.
Qeyd edək ki, Cəbrayılın Horovlu kəndinə daha 21 ailə (79 nəfər) yola salınıb.
Kəndə köç edənlər respublikanın müxtəlif yerlərində, əsasən yataqxanalarda, sanatoriya və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdir. Doğma yurda qayıdan sakinlər hərtərəfli dövlət qayğısı ilə əhatə olunduqlarına görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban Əliyevaya təşəkkür ediblər. Onlar həmçinin torpaqlarımızı işğaldan azad edən rəşadətli Azərbaycan Ordusuna, qəhrəman əsgər və zabitlərimizə minnətdarlıqlarını bildirib, bu yolda canlarından keçən şəhidlərimizə rəhmət diləyiblər.