IMG-LOGO

ABŞ Venesuela yaxınlığında hərbi aviasiya fəaliyyətini artırıb

14.12.2025 16:26 7 baxış
IMG

ABŞ Venesuela sahillərində hərbi aviasiya uçuşlarını əhəmiyyətli dərəcədə artırıb

"Report" xəbər verir ki, bu, "Flightradar24" aviasiya resursunun məlumatlarında yer alıb.

Qeyd olunub ki, müxtəlif tipli təyyarələrin və strateji kəşfiyyat pilotsuz uçuş aparatlarının ən azı 17 uçuşu qeydə alınıb.

Xüsusilə dekabrın 13-də "USS Gerald Ford" aviadaşıyıcısından Venesuela sahillərinə indiyədək ən böyük Amerika hərbi təyyarə qrupu göndərilib. Onların arasında dörd "F/A-18F Super Hornet" döyüş təyyarəsi, iki "EA-18G Growler" radioelektron mübarizə təyyarəsi və iki "E-2D Advanced Hawkeye" uzaq radiolokasiya aşkarlama təyyarəsi olub. Dekabrın 12-də iki "F/A-18F Super Hornet" qırıcı təyyarəsi və iki "EA-18G Growler" radioelektron mübarizə təyyarəsinin birgə uçuşu həyata keçirilib, daha əvvəl isə iki "F/A-18F Super Hornet" döyüş təyyarəsi havaya qalxıb.

Həftənin əvvəli və sonunda ABŞ Hərbi Dəniz Qüvvələrinin "MQ-4C Triton" strateji radioelektron kəşfiyyat PUA-ları Venesuelanın şimal-qərbində uzunmüddətli uçuşlar həyata keçirib. Florida ştatının Ceksonvil bazasından qalxan dronlar ara-sıra Venesuela sahillərinə 150–250 km məsafəyə qədər yaxınlaşıb.

Bundan əlavə, Venesuela sahillərində ABŞ-nin "B-52H Stratofortress" strateji bombardmançısı növbəti uçuşunu həyata keçirib. Şimali Dakotadakı Maynot aviabazasından qalxan təyyarə uzun müddət Karib dənizinin beynəlxalq suları üzərində uçub və hətta Venesuelanın paytaxtı Karakasdan 200 km məsafədə görünüb.

Ötən həftə Venesuela yaxınlığında beş Amerika hərbi təyyarəsinin uçuşu qeydə alınıb. Onların arasında iki "F/A-18F Super Hornet" qırıcısı, bir "E-3B Sentry" (AWACS) radiolokasiya aşkarlama təyyarəsi və iki "B-52H Stratofortress" strateji bombardmançısı olub.

Amerika mediası vurğulayıb ki, Vaşinqton Venesuela üzərində təzyiq kampaniyasını gücləndirməyə davam edir və bununla da ölkənin lideri Nikolas Maduronun istefasına nail olmağa çalışır.

Xəbər lenti