Yaponiya hökuməti Qəzza zolağında atəşkəs rejiminə nəzarət etmək üçün ABŞ-nin təşəbbüsü ilə yaradılmış koordinasiya mərkəzinə mülki mütəxəssisləri göndərmək niyyətindədir.
"Report" xəbər verir ki, bu barədə "Asahi" qəzeti məlumat yayıb.
Qəzetin Yaponiya hökumətindəki mənbələrinə görə, mərkəzin işində yalnız humanitar sahədə iştirak gözlənilir.
Həmçinin qeyd olunub ki, yapon mütəxəssislər komandasına beynəlxalq humanitar təşkilatlar və QHT-lərdə çalışan, infrastrukturun bərpası üzrə ixtisaslaşmış regional ekspertlər daxil olacaq.
Hərbi-mülki koordinasiya mərkəzi atəşkəs əldə edildikdən sonra İsrailin cənubunda Qəzza sərhədi yaxınlığında yaradılıb. Mərkəz müxtəlif mənbələrdən, o cümlədən kəşfiyyat xarakterli pilotsuz təyyarələrdən və beynəlxalq təşkilatlardan Qəzzədəki vəziyyətlə bağlı real vaxt rejimində məlumat toplayacaq.
ABŞ-ın rəhbərlik etdiyi mərkəzdə 40-dan çox ölkə və təşkilatın nümayəndələrinin iştirak edəcəyi bildirilir.