Sudanın Cənubi Kardofan ştatının inzibati mərkəzi olan Kaduqli şəhərində yerləşən BMT missiyasının obyektinə "Çevik Dəstək Qüvvələri"nin (ÇDQ) endirdiyi hava zərbəsi nəticəsində azı 6 dinc sakin həlak olub.
"Report" xəbər verir ki, bu barədə "Agence France-Presse" (AFP) məlumat yayıb.
Məlumata görə, ÇDQ şəhəri mühasirəyə alıb. Sudan hökuməti bu hücumu qınayıb.
Xatırladaq ki, Sudanda vəziyyət 2023-cü ilin aprelində gərginləşib. Buna səbəb Suveren Şuraya (müvəqqəti idarəetmə orqanı) rəhbərlik edən Əbdül Fəttah əl-Burhanla ÇDQ-nin komandanı Məhəmməd Həmdan Daqalo arasında ziddiyyətlərin yaranmasıdır. Xartumda başlayan toqquşmalar ölkənin başqa bölgələrinə də yayılıb. Ekspertlərin fikrincə, münaqişə nəticəsində azı 40 min nəfər ölüb, 14 milyon insan evlərini tərk etməli olub və aclıq həddində yaşayırlar.
Hazırda ən çətin vəziyyət Sudanın cənubunda və ÇDQ-nin nəzarətində olan Cənubi Kardofan ştatında müşahidə olunur.