ABŞ Prezidenti Donald Tramp Homs vilayətinin Palmira şəhəri yaxınlığında iki amerikalı hərbçi və bir tərcüməçinin qətlinə görə İŞİD silahlılarını cavab təıdbirləri ilə hədələyib.
"Report" xəbər verir ki, Tramp bu barədə "Truth Social"dakı hesabında yazıb.
"Amerikanın Suriyadakı üç böyük vətənpərvərinin həlak olmasına üzüldük. Bununla yanaşı, yaralanan 3 hərbçinin həyatda qalması üçün dua edirik. Son məlumata görə, onların vəziyyəti qənaətbəxşdir", - Tramp yazıb.
Amerikanın lideri əlavə edib ki, İŞİD-in ABŞ və Suriyaya qarşı hücumu ölkənin təhlükəli hissəsində gerçəkləşdirilib. Çünki həmin ərazinin bir hissəsi terrorçuların nəzarətindədir.
"Suriya Prezidenti Əhməd Əl Şaraa bu hücuma görə hiddətlənib və narahatdır. Bunun ciddi qisası olacaq", - ABŞ Prezidenti fikrini yekunlaşdırıb.