IMG-LOGO

Azərbaycanla Rumıniya arasında vəkillik sahəsində əməkdaşlığın inkişaf etdirilməsi müzakirə olunub

13.12.2025 22:38 3 baxış
IMG

Rumıniyada səfərdə olan Vəkillər Kollegiyasının sədri Anar Bağırovun rəhbərlik etdiyi nümayəndə heyəti Azərbaycan bu ölkədəki səfirliyini ziyarət edib.

"Report" Vəkillər Kollegiyasına istinadən xəbər verir ki, Azərbaycanın Rumıniyadakı fövqəladə və səlahiyyətli səfiri Qüdsi Osmanov nümayəndə heyətini səmimiyyətlə salamlayaraq görüşdən məmnunluğunu ifadə edib, Azərbaycan-Rumıniya münasibətlərinin son illər dinamik şəkildə inkişaf etdiyini diqqətə çatdırıb. O, hüquq sahəsində əməkdaşlığın xüsusi əhəmiyyət daşıdığını vurğulayaraq, bu istiqamətdə Azərbaycan Vəkillər Kollegiyası ilə əlaqələrin genişləndirilməsinə və zəruri dəstəyin göstərilməsinə hazır olduqlarını bildirib.

A.Bağırov çıxış edərək dəvətə və səmimi qəbula görə təşəkkürünü bildirib, Rumıniyaya səfərin əsas məqsədinin iki ölkə arasında vəkillik sahəsində əməkdaşlığın inkişaf etdirilməsi, qarşılıqlı təcrübə mübadiləsinin genişləndirilməsi olduğunu vurğulayıb.

Sədr Azərbaycanda məhkəmə-hüquq sisteminin təkmilləşdirilməsi və müasirləşdirilməsi, vəkillik fəaliyyətinin davamlı inkişafı istiqamətində həyata keçirilən islahatlardan bəhs edib, vəkillik institutunun müstəqilliyinin əsasının Ümummilli Lider Heydər Əliyev tərəfindən qoyulduğunu vurğulayıb. Anar Bağırov müstəqil Azərbaycanın Konstitusiyasının məhz Ulu Öndərin rəhbərliyi ilə hazırlandığını xatırladaraq, bu sənədin hüquqi dövlət quruculuğunda mühüm rolunu xüsusi qeyd edib.

Eyni zamanda Anar Bağırov Azərbaycanın Rumıniyadakı fövqəladə və səlahiyyətli səfiri Qüdsi Osmanovun fəaliyyətinə toxunaraq, nümayəndə heyətinə göstərilən diqqət və dəstəyə görə minnətdarlığını ifadə edib.

Görüş zamanı qarşılıqlı maraq doğuran bir sıra məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Sonda A.Bağırov səfirlik binasına Kollegiyanın rəsmi emblemini və nəfis şəkildə hazırlanmış Konstitusiya kitabını hədiyyə edib.

Xəbər lenti