Ümummilli Lideri Heydər Əliyevin vəfatının 22-ci ildönümü ilə əlaqədar dekabrın 12-də Azərbaycanın Təbriz şəhərindəki Baş Konsulluğunda anım tədbiri keçirilib.
"Report" Azərbaycanın Təbrizdəki Baş Konsulluğuna istinadən xəbər verir ki, tədbirdə Təbriz şəhərinin meri Davud Gərşasbi, Şərqi Azərbaycan valiliyinin Siyasi, seçki və bölgü məsələləri üzrə Baş idarəsinin rəisi Sadeq Əhmədi, İran Xarici İşlər Nazirliyinin Şimal-Qərb Nümayəndəliyinin rəhbəri Məhəmməd İbrahimi, Türkiyənin Təbriz şəhərindəki baş konsulu Mete Zaimoğlu, Təbrizdə yaşayan, habelə təhsil alan Azərbaycan vətəndaşları iştirak ediblər.
Tədbirdə çıxış edənlər Azərbaycanın müasir tarixinin bütöv bir qərinəsinin Ümummilli Lider Heydər Əliyevin müdrik və uca adı ilə bağlı olduğunu qeyd edərək, dahi şəxsiyyətin bütün fəaliyyətinin Azərbaycanın güclənməsi, tərəqqisi və inkişafı ilə yanaşı, eyni zamanda region dövlətlərinin inkişafına və xalqların rifahına xidmət etdiyini söyləyiblər.
Tədbirdə həmçinin Ümummilli Lider Heydər Əliyevə həsr olunmuş film nümayiş etdirilib, ruhuna dualar oxunub və ehsan süfrəsi açılıb.

