IMG-LOGO

Abituriyentlərin üzərinə gizli kamera qoyurmuş: tanınmış təhsil ekpertinə ŞOK İTTİHAM

12.12.2025 21:26 3 baxış
IMG
0 0

2025-ci ildə keçirilən ali təhsil müəssisələrinə qəbul və buraxılış imtahanlarında iştirak etmiş şəxslərə “Azərbaycan Respublikasının ali təhsil müəssisələrinə tələbə qəbulu Qaydaları”na zidd olaraq köməklik göstərilməsinə dair Dövlət İmtahan Mərkəzindən Dövlət Təhlükəsizliyi Xidmətinə daxil olmuş məlumatlar əsasında başlanmış cinayət işinin ibtidai istintaqı Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində davam etdirilib. Cinayət işi üzrə ittiham aktı təsdiq olunaraq baxılması üçün aidiyyəti üzrə Gəncə Şəhər Məhkəməsinə göndərilib.

Lent.az xəbər verir ki, dekabrın 12-də Gəncə Şəhər Məhkəməsində məhkəmənin hazırlıq iclası keçirilib.

İbtidai istintaqla abituriyent hazırlıq kursu qismində fərdi sahibkarlıq fəaliyyəti ilə məşğul olan Gündüz Abbasovun qəbul və buraxılış imtahanlarının gedişində testləri cavablandırmağa kömək etmək məqsədilə gizli qaydada informasiya alınması (ötürülməsi) üçün nəzərdə tutulan texniki vasitələri qanunsuz olaraq hazırlamasına, habelə Kamran Əsədovla cinayət əlaqəsinə girməklə həmin texniki vasitələri ümumilikdə 15 nəfərin üzərinə quraşdırmaqla imtahanlarda onlara köməklik göstərmələrinə əsaslı şübhələr müəyyən edilib.

Gündüz Abbasov və Kamran Əsədov gizli qaydada informasiya alınması (ötürülməsi) üçün nəzərdə tutulmuş texniki vasitələri (gizli kamera, gizli səsötürücü funksiyaya malik "vip smart" telefon, nano qulaqlıq, mifi cihazları və s.) bir-biri ilə əlaqələndirib istifadəsində hər hansı problemin olmadığına əmin olduqdan sonra Gəncə və Bakı şəhərləri ərazisində Dövlət İmtahan Mərkəzi tərəfindən keçiriləcək orta məktəblərin buraxılış və ali məktəblərə qəbul imtahanlarından asanlıqla keçmələrinə kömək göstərilməsi üçün onlara müraciət etmiş müxtəlif şəxslərdən müxtəlif məbləğlərdə pul vəsaiti alıb aralarında bölüblər. Onlar Gəncə şəhərində fərdi yaşayış evində, Bakı şəhəri, Nərimanov rayonu ərazisində yerləşən Kamran Əsədovun ofisində və digər ünvanlarda imtahanda iştirak edəcək şəxslərin ayaqqabısının alt hissəsi kəsilməklə içəridə boşluq yaradıb qeyd edilən texniki vasitələri həmin boş sahəyə yerləşdirməklə imtahan keçirilən binanın daxilində ayaq yolu hissəsində həmin texniki vasitələri üzərinə yerləşdirməsi, imtahan sualları əks olunan vərəqəni kamera vasitəsilə çəkməsi, daha sonra isə bir müddət gözləməklə qulaqlıq vasitəsilə cavabları deyəcəyinə dair istifadə qaydaları ilə təlimatlandıraraq qanuni şəkildə imtahanların keçirilməsinin təmin edilməsini nəzərdə tutan təhsil siyasətinə və bu sahədə aparılan səmərəli fəaliyyətə kölgə salmağa cəhd ediblər.

Toplanmış sübutlara əsasən, təqsirləndirilən şəxslərə Cinayət Məcəlləsinin 302.3 (gizli qaydada informasiya alınması üçün nəzərdə tutulmuş texniki vasitələri qanunsuz olaraq satma və satış məqsədilə əldə etmə), və 308.1-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə etmə) maddələri ilə ittiham elan edilməklə Gündüz Abbasov barəsində istintaq orqanının vəsatəti və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun təqdimatı əsasında məhkəmənin qərarı ilə həbs, Kamran Əsədov barəsində isə istintaq orqanının qərarı ilə başqa yerə getməmək haqqında iltizam qətimkan tədbirləri seçilib.

İttiham aktına əsasən Abbasov Gündüz Yaşar oğlu gizli qaydada informasiya alınması üçün nəzərdə tutulmuş texniki vasitələri vahid niyyətlə qanunsuz olaraq satış məqsədi ilə istehsal etməklə, şəxsən və qeyrisi ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında texniki vasitələri satmaqla, qeyrisinin köməkçiliyi ilə vəzifəli şəxs kimi xidməti vəzifələrinin icrası ilə əlaqədar özü və üçüncü şəxslər üçün qanunsuz üstünlük əldə etmək məqsədi ilə öz qulluq səlahiyyətlərindən qulluq mənafeyinə qəsdən zidd olaraq istifadə edərək dövlətin qanunla qorunan mənafelərinə mühüm zərər vurmaqla vəzifə səlahiyyətlərindən sui-istifadə etməkdə təqsirləndirilir.

Əsədov Kamran Alim oğlu isə qeyriləri ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında vahid niyyətlə və təkrarən gizli qaydada informasiya alınması üçün nəzərdə tutulmuş texniki vasitələri satmaqla, qeyrisinin vəzifəli şəxs kimi xidməti vəzifələrinin icrası ilə əlaqədar özü və ya üçüncü şəxslər üçün qanunsuz üstünlük əldə etmək məqsədi ilə öz qulluq səlahiyyətlərindən qulluq mənafeyi əleyhinə qəsdən zidd olaraq istifadə edərək dövlətin qanunla qorunan mənafelərinə mühüm zərər vurmaqla vəzifə səlahiyyətlərindən sui-istifadə etməsində köməkçi qismində iştirak etməkdə təqsirləndirilir. 

Cinayət işi materiallarından görünür ki, təhsil eksperti kimi tanınan Əsədov Kamran Alim oğlu əvvəllər də buna oxşar cinayət hadisəsi törətmiş və Nərimanov Rayon Məhkəməsinin 2015-ci il 18 fevral tarixli hökmü ilə Cinayət Məcəlləsinin 178.2.4, 310-cu maddələri ilə məhkum edilməklə barəsində 8 ay 6 gün islah işləri və 3500 manat cərimə cəzası tətbiq olunub.

Dövləıt imtahanı abituriyentlər DİM imtahanları təhsil ekspertləri

Xəbər lenti