Bu gündən etibarən Azərbaycanda elektron siqaretlər qadağan olunur. Bununla bağlı "Tütün və tütün məmulatı haqqında" qanuna edilmiş dəyişiklik 2026-cı il aprelin 1-dən qüvvəyə minir. Uyğunlaşdırma çərçivəsində İnzibati Xətalar Məcəlləsinə edilən dəyişikliyə görə, qadağan edilmiş yerlərdə, küçələrdə və digər ictimai yerlərdə elektron siqaretlərin istifadəsinə görə 30 manat məbləğində cərimə tətbiq ediləcək.
Qanunvericiliyə edilən bu dəyişiklik mahiyyət etibarilə cəmiyyət tərəfindən müsbət qarşılansa da, bəzi suallara səbəb olub. Məsələn, elektron siqaret dedikdə, konkret hansı məhsullar nəzərdə tutulur? Və ya bu qadağa xüsusi cihaz vasitəsilə qızdırılaraq çəkilən tütün çubuqlarına da aiddirmi?
Dünyada elektron siqaret istifadəsi
Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) hesabatına əsasən, hazırda dünyada 100 milyondan çox insan elektron siqaretdən istifadə edir. Onların təxminən 15 milyonu yeniyetmədir. Elektron siqaretlərin, əslində, siqareti tərgitmək istəyənlər üçün nəzərdə tutulduğu deyilsə də, reallıqda heç vaxt siqaret çəkməyən yeniyetmələrin belə bu cihazların aludəçisinə çevrildiyini görürük.
Dünyada 40-dan çox ölkə elektron siqaretləri qadağan edib, bir çox Avropa ölkəsində onun reklam və satışı məhdudlaşdırılıb. Bəzi ölkələr isə bu siqaretlərin yalnız reseptlə satışına icazə verir, dadlandırıcıları qadağan edir, ictimai yerlərdə istifadəni məhdudlaşdırır.
Bəs Azərbaycanda vəziyyət necədir?
Azərbaycanda elektron siqaretlərdən istifadə ilə bağlı ayrıca statistika aparılmadığından istifadəçilərin sayı barədə dəqiq danışmaq çətindir. Lakin sosioloq Naib Niftəliyev "Report"a açıqlamasında qeyd edib ki, son dövrlərdə ölkədə siqaretin, o cümlədən elektron siqaretin toksik təsirlərinə məruz qalanların sayı artmaqdadır: "Azərbaycan cəmiyyətində siqaretdən istifadə edənlərin əksəriyyəti kişilər olsa da, qadınların və yeniyetmələrin də sayı getdikcə artır".
Sosioloq elektron siqaretlərin tamamilə satışdan yığışdırılmasını doğru qərar hesab edir: "Hazırda insanların sosial şəbəkələr vasitəsilə geniş azadlıq mühiti var. Ona görə sanksiya tətbiq edilmədikdə insanlar özlərini məsuliyyətdən kənarda hiss edə bilərlər. Bu səbəbdən cərimə və məhdudiyyətlərin tətbiqi mütləqdir. Bu, cəmiyyətin sağlamlığına yönəlmiş bir addımdır. Qadağalarla bərabər, sosial və hüquqi maarifləndirmə işləri də aparılmalıdır. Çünki bütün hallarda məhdudiyyətləri müxtəlif yollarla, gizli məkanlarda aşmağa çalışan insanlar olacaq. Bu səbəbdən insanlar hüquqi cəhətdən də maariflənməlidir".
Milli Məclisdə elektron siqaretlərin qadağası ilə bağlı ilk dəfə təkliflə çıxış edən deputat Fazil Mustafa "Report"a bildirib ki, bu məsələ tütün məhsullarının istehlakı, qadağan olunmuş yerlərdə istifadəsi ilə paralel nəzərdə tutulub: "Elektron siqaretlər digərlərindən fərqlidir. Ona görə də bununla bağlı bəzi qanunların qüvvəyə minməsində ehtiyac var idi. Təbii ki, hansısa bir qanun qəbul olunursa, onun sanksiyaları da mütləq olmalıdır. Nəticədə elektron siqaretlərin hər hansı bir şəkildə istehsalı, satışı və istehlakı bütövlükdə qadağan olunub. Sabahdan etibarən kimsə satış məqsədilə elektron siqaretlər gətirəcəksə, yaxud da istifadə edəcəksə, mütləq məsuliyyətlə qarşılaşacaq".
Elektron siqaretlər asılılıq yaradır
Milli Məclisin Səhiyyə komitəsinin üzvü, deputat Pərvanə Vəliyeva isə "Report"a açıqlamasında qeyd edib ki, qadağaların tətbiqi nəticəsində gələcəkdə nikotin asılılığı olan şəxslərin və tütünə bağlı ağciyər xəstəliklərinin sayı ciddi şəkildə artmayacaq: "Elmi araşdırmalar göstərir ki, elektron siqaret müxtəlif dadlandırıcılarla "zərərsiz" kimi təqdim olunduğundan, yanlış təbliğatı daha çox aparıldığından yeniyetmələrin ondan istifadəyə meyli artır. Nəticədə gələcəkdə potensial asılı şəxslərə çevrilirlər. Düşünürəm ki, bu sahədə maarifləndirmənin artırılmasına böyük ehtiyac var. Xüsusilə, gənclər, yeniyetmələr arasında bunun zərərlərinin davamlı təbliğatı aparılmalıdır".
P.Vəliyeva əlavə edib ki, bu gün elektron siqaretlərin qadağan olunması məsələsi bir çox ölkələrin gündəliyindədir. Son bir ildə Qazaxıstan, Özbəkistan, Qırğızıstan və Türkmənistan parlamentlərində də elektron siqaretlər müzakirə edilib və qadağası ilə bağlı qanun qəbul olunub".
Pulmonoloq Əlizamin Sadıqov isə bizimlə söhbətində deyib ki, elektron siqaretlərin müxtəlif xəstəliklərə səbəb olma riski daha böyükdür: "Qeyd etmək lazımdır ki, qızdırılan tütün məmulatı və ya ənənəvi siqaretlərdə nikotinin miqdarı müəyyən qədər dozalandığı halda, elektron siqaretlərdə bu miqdarı dəqiq tənzimləmək çətindir. Bu səbəbdən elektron siqaretdən istifadə edən şəxs daha yüksək dozada nikotin qəbul edə bilər. Bundan əlavə, təxminən 30 faiz insan həm elektron, həm də ənənəvi siqaretdən eyni vaxtda istifadə edir ki, bu da sağlamlıq üçün daha böyük risk yaradır".
Ə.Sadıqov onu da bildirib ki, elektron siqaretlərdən istifadə yeniyetmələrdə mental vəziyyətdə dəyişikliklərə, əsəbilik, aqressiya və depressiyaya səbəb ola bilər: "Yaşlı insanlarda isə xroniki xəstəliklərin, xüsusilə, bronxial astmanın kəskinləşməsi müşahidə oluna bilər. Hamilələrdə elektron siqaretlər dölün inkişafına mənfi təsir göstərə bilər. Bundan əlavə, respirator xəstəliklərin yaranması, tənəffüs yolları infeksiyalarına həssaslığın artması, yuxarı tənəffüs yollarının qıcıqlanması, ürək-damar və beyin-damar xəstəliklərinin inkişaf riski də mövcuddur.
Qızdırılan tütün elektron siqaret deyil
"Tütün və tütün məmulatı haqqında" qanuna edilən dəyişikliyə əsasən, elektron siqaret qida məhsulları, tütün məhsulları, dərman vasitələri və tibbi cihazlar istisna olmaqla, nikotin tərkibli və ya nikotin tərkibi olmayan buxarın tənəffüs yolu ilə insan orqanizminə daxil olması üçün nəzərdə tutulmuş və müştük və ya digər komponentləri, o cümlədən kartrici və flakonu olan və ya olmayan cihaz vasitəsilə istifadə etmək üçün nəzərdə tutulmuş məhsuldur. Elektron siqaretlərin flakonundan bir və ya bir neçə dəfə istifadə edilə bilər və ya onlar birdəfəlik kartriclərlə təkrar doldurula bilər.
Elektron siqaretlər zahirən qızdırılan tütün məmulatları ilə oxşar olsa da, mahiyyətcə fərqli kateqoriyalara daxildir.
Hüquqşünaş Şamil Paşayev "Report"a açıqlamasında bildirib ki, qızdırılan tütün elektron siqaret hesab edilmədiyi üçün onun istifadəsinə görə cərimə yoxdur. "Qanunda göstərilib ki, tütün yarpağından və onun komponentlərindən hazırlanmış, tərkibində nikotin, aktiv alkoloid, o cümlədən kanserogen maddələr olan və nikotinə aludəçilik yaradan məhsul (siqaretlər, papiroslar, siqarlar, siqarillalar, çubuq tütünü və s.) tütün məmulatı hesab edilir. Qızdırılan tütün çubuqları tütün məmulatı hesab edildiyindən onlar "elektron" siqaret kimi xarakterizə edilmir və məsuliyyət yaratmır", - o qeyd edib.
Hüquqşünas əlavə edib ki, elektron siqaretlərin və onların komponentlərinin idxalı, ixracı, istehsalı, satılması və saxlanılması halları olarsa, müsadirə ediləcək və fiziki şəxslər 350 manatdan 500 manatadək, vəzifəli şəxslər 1650 manatdan 2200 manatadək, hüquqi şəxslər isə 4 min manatdan 5 min manatadək cərimələnəcəklər.
Elektron siqaretlərə yönələn daha sərt yanaşma onların sürətlə yayılması və yeni istifadəçi kütləsi yaratması ilə bağlıdır. Qızdırılan tütün məmulatlarının qadağan edilməməsi isə zərərin idarə olunması siyasətinin bir hissəsidir. Ekspertlər bildirirlər ki, qızdırılan tütün siqaretdən tam imtina edə bilməyənlər üçün daha az zərərli alternativdir.













