IMG-LOGO

Samir Əliyev: "Mourinyo, Qvardiola və Ançelotti kimi məşqçilərin də əvəzetmələri bəzən uğursuz alınır"

12.12.2025 19:28 4 baxış
IMG

Joze Mourinyo, Xosep Qvardiola və Karlo Ançelotti kimi məşqçilərin də əvəzetmələri bəzən uğursuz alınır.

Bunu "Report"a açıqlamasında Azərbaycanın U-21 yığmasının sabiq baş məşqçisi Samir Əliyev deyib.

Mütəxəssis "Qarabağ"ın UEFA Çempionlar Liqasının Liqa mərhələsinin VI turunda "Ayaks"a (Niderland) qarşı oyununu dəyərləndirib:

"Bu gün hər kəs Nəriman Axundzadəni, Qurban Qurbanovu tənqid edir. Oyun bitdikdən sonra kimisə mühakimə etmək rahatdır. Joze Mourinyo, Xosep Qvardiola və Karlo Ançelotti kimi məşqçilərin də əvəzetmələri bəzən uğursuz alınır. Öncədən hər şeyi bilmək mümkün olsaydı, nə var idi ki. Buraxılan qollar təkcə Nərimanın günahı deyildi. Düzdür, hücumda top itkilərinə yol verdi. Amma rəqib topu 80 metr daşıyıb qol vurursa, deməli, "Qarabağ" komanda şəklində məğlub olub. Belə bir ab-havada sonradan meydana daxil olmaq, oyuna uyğunlaşmaq həqiqətən çətindir. Sadəcə, ardıcıl top itkilərinə yol verdiyi, həmçinin "Qarabağ" məğlub olduğu üçün Nəriman tənqid edilir".

O, qarşıdan gələn "Ayntraxt"la (Frankfurt, Almaniya) matçda komandanın yaxşı nəticə göstərəcəyinə inanır:

"Qarabağ"ın UEFA Çempionlar Liqasına vəsiqə qazanması bir uğur idi. Rəqiblər məlum olduqdan sonra komandanın 7 xal toplayacağını heç kim gözləmirdi. "Qarabağ" bunu bacardı və hələ də şansları itməyib. İnanıram ki, "Ayntraxt"la oyuna daha ciddi yanaşacaqlar. Bu matçdan gözləntilərim böyükdür. "Qarabağ" "Ayaks"a qarşı çox gözəl oyun göstərdi. Qol vəziyyətləri yaratdı, hesabda önə çıxdı. Lakin unuduruq ki, rəqib küçədən keçən bir komanda deyildi. Baxmayaraq ki, bu mövsüm Çempionlar Liqasında qələbələri yox idi. "Ayaks"ın oyunlarına baxırdım, çox yaxşı çıxış edirlər. Nəsildəyişmə prosesi gedir. Amma sıradan komanda deyil. Bunu Bakıda da göstərdilər. Heyətdə 17-19 yaşlı futbolçular var idi. Gələcəyin ulduzlarını yetişdirirlər. Aydındır, hamı oyuna deyil, sırf nəticəyə köklənmişdi. Bu da "Qarabağ"ın turnirdəki gözəl və cəsarətli çıxışından irəli gəlirdi. Bura Çempionlar Liqasıdır, hər komanda 3-4 oyunda uduza və sonradan nəticə qazana bilər. Məsələn, "Kopenhagen" "Qarabağ"a uduzmuşdu, amma İspaniyada "Vilyarreal"ı məğlub etdi. Düzdür, başda Qurban Qurbanov olmaqla, bütün komanda, həmçinin biz də məyus olduq".

S.Əliyev "Ayaks"la görüşün bir təcrübə olduğunu vurğulayıb:

"Qurban Qurbanovun taktiki planda uduzduğunu deməzdim. Çünki hücum etdilər, qol da vurdular. Sadəcə, "Ayaks"ın günü idi. Rəqib qol vəziyyətlərindən daha yaxşı istifadə etdi. Halbuki "Ayaks"ı yetərincə təhlil etmişdilər. Hər halda, ilk dəfə deyil ki, bu səviyyədə oyuna çıxırdılar. Ümumiyyətlə, futbol yaşa baxmır. Nə qədər təcrübəli məşqçi olsan da, hər oyunda nələrsə öyrənirsən. Futbolçular üçün də bu bir təcrübədir. Qələbələr olduğu kimi, məğlubiyyətlər də var. Futbol elə buna görə gözəldir. Bu şansı bizə yaradan elə Qurban Qurbanov və onun komandasıdır. Artıq insanlar da öyrəşib. Oyunlardan əvvəl rəqiblər də "Qarabağ"dan çəkinir. Bu da illərin əziyyətidir. Qarşıda iki oyun var. "Liverpul"la bağlı nəsə demək çətindir, amma inanıram ki, "Ayntraxt"la matçda daha yaxşı nəticə qazanacaqlar".

Qeyd edək ki, Tofiq Bəhramov adına Respublika stadionunda baş tutan "Qarabağ" - "Ayaks" matçı Niderland klubunun 4:2 hesablı qələbəsi ilə başa çatıb.

Xəbər lenti