IMG-LOGO

Cozef Hrabina: Azərbaycan və Slovakiya müdafiə sənayesi sahəsində birgə müəssisələr yarada bilər

12.12.2025 19:01 4 baxış
IMG

Azərbaycan və Slovakiya müdafiə sənayesi sahəsində birgə müəssisələr yarada bilər.

Bunu "Report"a açıqlamasında Azərbaycan-Slovakiya münasibətlərini və ikitərəfli əməkdaşlıq imkanlarını dəyərləndirən slovakiyalı siyasi şərhçi Cozef Hrabina (Jozef Hrabina) deyib.

O bildirib ki, Azərbaycan Slovakiyanın Avropa qonşuluğundakı əsas tərəfdaşlarından biri kimi qəbul olunur:

"Slovakiyanın bəzi media orqanları Azərbaycan Prezidenti İlham Əliyevin Bratislavaya səfərini güclü tərəfdaşlığın göstəricisi kimi təqdim etdilər. Hətta onlardan bəziləri Azərbaycanı Slovakiyanın müttəfiqi adlandırdı. Cənubi Qafqaz regionu Baş nazir Robert Fitsonun ölkənin beynəlxalq tərəfdaşlıqlarını şaxələndirməyə yönəlmiş çoxvektorlu xarici siyasətində xüsusi yer tutur. İki ölkə arasında müdafiə sənayesi sahəsində əməkdaşlıq isə xüsusilə seçilir. Hər iki ölkə birgə işləmək üçün yaxşı mövqedədir və mövcud qarşılıqlı etimad səviyyəsi Slovakiya müdafiə sənayesi şirkətlərinin texnologiya transferinə imkan yaradır".

Ekspertin sözlərinə görə, tərəflər arasında praktik müstəvidə hazırda müzakirə olunan əməkdaşlıq, əsasən, iki formada özünü göstərir:

"Birincisi, Slovakiya Azərbaycana müdafiə məhsulları satır. İkincisi, tərəflər Slovakiya müdafiə sənayesi şirkətlərinin Azərbaycan investisiyaları qarşılığında istehsalın bir hissəsinin bu ölkəyə köçürülməsi, eyni zamanda, seçilmiş texnologiyaların Azərbaycandakı tərəfdaşlarla paylaşılacağı birgə müəssisələrin yaradılması imkanlarını araşdırır".

C.Hrabina Slovakiya müdafiə sənayesinin Ukraynada davam edən müharibə səbəbindən intibah dövrünü yaşadığını və onun döyüş şəraitində sınaqdan çıxmış texnologiyalarının Azərbaycan üçün maraq doğurduğunu vurğulayıb:

"Azərbaycanın Cənubi Qafqazın ən güclü hərbi aktoru olması onun üçün etibarlı, sınaqdan çıxmış müdafiə texnologiyalarını xüsusilə dəyərli edir. Slovakiya isə öz növbəsində sabit və etibarlı iqtisadi mühitdə istehsal potensialını artırmaq imkanından faydalana bilər. Belə bir şəraitdə enerji qiymətlərini proqnozlaşdırmaq, istehsal resurslarını sabit saxlamaq və əlçatan, həm də yaxşı təhsilli işçi qüvvəsinə malik olmaq mümkündür".

Xəbər lenti