IMG-LOGO

Keçmiş icra başçısı oğlunun məhkəməsində DANIŞDI: "Ən böyük zərərçəkən özüməm"

12.12.2025 17:12 4 baxış
IMG
0 0

Bakı Ağır Cinayətlər Məhkəməsində keçmiş icra başçısı Lütvəli Babayevin oğlu Babəli Babazadənin külli miqdarda pulunu dələduzluq yolu ilə mənimsəyən sabiq baş həkim Aruz Əliyev və tanışı Ehtiram Kərimovun cinayət isi üzrə növbəti məhkəmə iclası keçirilib.

Lent.az xəbər verir ki, hakim Mahirə Kərimovanın sədrliyi ilə keçirilən prosesdə Lütfəli Babayev və oğlu B. Babazadənin vəkili vəsatət verərək, məhkəmənin jurnalistlərin iştirakı olmadan qapalı keçirilməsini istəyiblər.

Buna səbəb kimi məhkəmə prosesləri barədə mediada həqiqətləri əks etdirilməyən məlumatların və sosial şəbəkələrdə təhqiredici ifadələrin yer alması, bunun onların ailəsinə mənfi təsir etməsi göstərilib.

Təqsirləndirilənlərin vəkiləri buna etirazlarını bildiriblər. Dövlət ittihamçısı vəsatəti məhkəmənin mülahizəsinə buraxdığını bildirib.

Qısa müşavirədən sonra məhkəmə vəsatətin təmin olunmadığını bildirib.

Daha sonra iş üzrə şahidlər məhkəmənin və vəkillərin sualarını cavablandırıblar. Şahid kimi dindirilən L. Babayev ilkin istintaqda verdiyi ifadəni təsdiqlədiyini deyərək, A.Əliyev və E. Kərimovun ən ağır cəzaya məhkum edilməsini məhkəmədən istəyib:

"Bu işdə ən böyük zərərçəkən elə mən özüməm".

Şahid R.Y. bank mütəxəssisi olduğunu, hər hansı pul mübadiləsinin şahidi olmadığını, Babəli Babazadə ilə ancaq yoldaşlıq münasibətinin olduğunu deyib.

Şahid H.H. Babaəlini şəxsən tanımadığını, onunla heç bir iş anlaşmasının olmadığını bildirib.

Şahid M.Ə. iş üzrə ilkin istintaqda verdiyi ifadəni təsdiqlədiyini, sadəcə R. adlı əmlakçını tanıdığını bildirib:

"Mən bilsəydim ki, bu qədər ildən sonra məhkəməlik olacam, bu adamlarla iş görməzdim".

Müdafiə vəkilləri təqsirləndirilən şəxslərin ev dustaqlığına buraxılması ilə bağlı vəsatət qaldırıblar. Məhkəmə vəsatəti təmin etməyib.

Növbəti proses 15  yanvar saat 16:00-a təyin edilib.

Xatırladaq ki, Babaəli Babazadənin dostu Aruz Əliyev üçüncü şəxslə əlbir olaraq onun əmlaklarını 2 milyon manata satıb pulu mənimsəməkdə ittiham olunur. Bu hadisə baş verməzdən əvvəl isə Babaəli Babazadənin sahibi olduğu tikinti şirkətinin 1 milyon manat vergi borcu yaranıb. Bununla bağlı ona rəsmi məktub gəlib, verginin ödənməli olduğu xatırladılıb. Məsələ ilə bağlı Babaəli dostu Aruz Əliyevlə məsləhətləşib, ondan nə edə biləcəyini soruşub. İddia olunur ki, Aruz Əliyev külli miqdarda vergi borcu yaranmış Babaəli Babazadəyə ölkədən çıxmağı məsləhət bilib.

O, tanışı Ehtiram Kərimovla əlbir şəkildə eks-icra başçısının oğlunun Türkiyəyə qaçmasını təşkil ediblər. Babaəli Babazadə Türkiyədə yaşadığı müddətdə Bakıdakı əmlaklarını idarə etmək üçün Aruz Əliyevə etibarnamə verib, əmlaklar satışa çıxarılıb. Onun dediyinə görə, Aruz Əliyev onun etibarından sui-istifadə edib. Aruz Əliyev və Ehtiram Kərimov Babaəli Babazadənin əmlakını ümumilikdə 2 milyon manata satıblar, pulu sahibinə vermədən şəxsi mənafeləri üçün sərf ediblər. A.Əliyev bu cinayətin üstü açılana kimi “Uniklinika”nın baş həkimi olub. Zərərçəkmiş şəxsin şikayəti əsasında Aruz Əliyev və Ehtiram Kərimov tutulublar. Onlara qarşı Cinayət Məcəlləsinin 178.4 maddəsi (dələduzluq – xeyli miqdarda ziyan vurmaqla törədildikdə) ittiham irəli sürülüb.

Qeyd edək ki, Babaəli Babazadənin atası Lütfvəli Babayev 2005-2007-ci illərdə Mingəçevirin, 2007-2019-cu illərdə isə Zərdab rayonun icra başçısı olub.

Lütvəli Babayev icra başçısı

Xəbər lenti