IMG-LOGO

Milli Məclisin sədri Britaniyanın Azərbaycan üzrə ticarət elçisi ilə görüşüb

10.12.2025 22:21 4 baxış
IMG

Milli Məclisin sədri Sahibə Qafarova Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Azərbaycan Respublikası üzrə ticarət elçisi Lord Olderdaysla görüşüb.

Bu barədə "Report"a Milli Məclisdən bildirilib.

Görüşdə qeyd olunub ki, bu gün iki ölkə arasındakı ikitərəfli əməkdaşlıq iqtisadiyyat, ticarət, enerji, o cümlədən bərpaolunan enerji, təhsil, müdafiə sənayesi və digər sahələri əhatə edir. İki ölkə arasındakı münasibətlərin inkişafında yüksək səviyyəli səfərlərin və görüşlərin əhəmiyyəti vurğulanaraq, bu baxımdan Prezident İlham Əliyevin Birləşmiş Krallığa səfərlərinin, Birləşmiş Krallığın Baş naziri Kir Starmerin ötən il COP29-da iştirak üçün ölkəmizə səfərinin ikitərəfli əməkdaşlıq gündəliyi baxımından önəmi diqqətə çatdırılıb.

Söhbət zamanı S.Qafarova iki ölkənin parlamentləri arasında əlaqələrin inkişafından məmnunluğunu bildirərək, özünün 2022-ci ildə Böyük Britaniyaya rəsmi səfərini xatırladıb və həmin səfər çərçivəsində keçirdiyi görüşlərin və aparılan müzakirələrin parlamentlərarası münasibətlərin inkişafı baxımından əhəmiyyətini qeyd edib. Bildirilib ki, Milli Məclisin Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığı ilə parlamentlərarası əlaqələr üzrə işçi qrupu ən böyük qruplardan biridir. Spiker qanunvericilik orqanları arasında əlaqələrin daha da genişləndirilməsində qarşılıqlı səfərlərin və sıx dialoqun əhəmiyyətini qeyd edib.

Görüş üçün təşəkkürünü bildirən Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Azərbaycan Respublikası üzrə ticarət elçisi Lord Olderdays iki ölkə arasında müxtəlif sahələrdə əməkdaşlığın inkişafından danışıb, parlamentlərarası əlaqələrin daha da inkişaf etdirilməsinin vacibliyini qeyd edib.

Qonaq Azərbaycanın olduqca əlverişli geostrateji mövqeyi, Orta Dəhlizin fəaliyyətindəki əhəmiyyətli rolu, yeni istiqamətlər və sahələr üzrə əməkdaşlıq imkanları, Azərbaycanda keçirilmiş COP29-un əhəmiyyəti barədə fikirlərini bölüşüb.

Söhbət zamanı Azərbaycanla Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığı arasında iqtisadi, siyasi, təhsil, bərpaolunan enerji, parlamentlərarası və digər sahələrdə əməkdaşlığın daha da inkişaf etdirilməsi üçün böyük potensialın olduğu diqqətə çatdırılıb.

Xəbər lenti