IMG-LOGO

Azərbaycan "John Deere" şirkəti ilə aqrar sahədə əməkdaşlıq edəcək

10.12.2025 21:45 4 baxış
IMG

Kənd Təsərrüfatı Nazirliyi və "John Deere" şirkəti ilə aqrar sahədə əməkdaşlığa dair ilkin razılaşma əldə olunub.

"Report" bu barədə nazirliyə istinadən xəbər verir.

Məlumata görə, nazir Məcnun Məmmədov ölkəmizdə səfərdə olan "John Deere" şirkətinin Mərkəzi Asiya və MDB ölkələri üzrə prezidenti, "John Deere Walldorf International" MMC-nin Baş icraçı direktoru Ksaba Leyko ilə görüşüb.

M.Məmmədov ölkəmizdə qeyri-neft sektorunun inkişafında kənd təsərrüfatının rolu, kənd təsərrüfatı sahəsində həyata keçirilən islahatlar, əldə olunmuş nailiyyətlər, fermerlərə göstərilən dövlət dəstəyi, aqrar sahənin rəqəmsallaşdırılması, kənd təsərrüfatında süni intellektin tətbiqinə dair həyata keçirilən layihələr, ölkəmizdə mövcud olan əlverişli investisiya mühiti, biznes üçün yaradılmış münbit şərait, eləcə də aqrar sahənin inkişafı üçün müəyyən edilmiş strateji hədəflər barədə qonağa ətraflı məlumat verib.

K.Leyko isə təmsilçisi olduğu şirkətin uzun illərdir ki, Azərbaycanda uğurla fəaliyyət göstərdiyini xatırladıb, mövcud olan səmərəli əməkdaşlığı genişləndirməkdə maraqlı olduqlarını bildirib. Prezident İlham Əliyevlə görüşdə əməkdaşlıq perspektivlərinin geniş müzakirə olunduğunu qeyd edən şirkət rəhbəri pambıqçılıq, taxılçılıq, suvarma, logistika, mütəxəssis hazırlığı, texnika parkının yenilənməsi və digər istiqamətlərdə ölkəmizlə həyata keçirilə biləcək layihələr barədə danışıb.

Xəbər lenti