Azərbaycanın 16 yaşadək qızlardan ibarət basketbol millisi Belarusun paytaxtı Minskdə keçirilən Vladimir Rıjenkov adına XXVIII beynəlxalq turnirə gələcəkdə çempion olmaq üçün qatılacaq.
Bu barədə "Report"a yığmanın baş məşqçisi Evren Alkaya açıqlama verib.
Türkiyəli mütəxəssis ikinci yeri tutduqları yarışla bağlı fikirlərini bölüşüb:
"Hər il Minskdə təşkil edilən bu yarışda iştirak etmək bizim üçün önəmli idi. Çünki orada Belarus, Rusiya və Qazaxıstan kimi ölkələrin komandaları ilə qarşılaşdıq. Belə olan halda mövsümə çox yaxşı başlanğıc etmiş oluruq. Çətin qarşılaşmalarda özümüzü sınamağa çalışdıq. Demək olar ki, komanda oturuşmuş vəziyyətdədir".
E.Alkaya ilk olaraq Belarusa qarşı çıxış etdiklərini və bunun onlar üçün çox yaxşı olduğunu vurğulayıb:
"Çünki bu komanda ilə gücümüz demək olar ki, eynidir. Elə oldu ki, bu maçda geridönüş edərək qalib gəldik. Rusiya ilə oyunda isə bir qədər çətinlik çəkdik, lakin onlar da məğlubedilməz rəqib deyillər. Növbəti illərdə bu komandaya qarşı da yaxşı oyun sərgiləyəcəyik. Bir müddət sonra bu turnirə çempion olmaq üçün qatılacağıq".
Qeyd edək ki, Azərbaycanın qızlardan ibarət U-16 yığması turnir çərçivəsində Belarusa 65:61, Qazaxıstana isə 74:60 hesabı ilə qalib gəlib. Komanda yalnız Rusiya millisinə uduzub - 50:80.