IMG-LOGO

Özbəkistan SOCAR ilə layihə sayəsində neft məhsullarının idxalından imtina etməyi planlaşdırır

10.12.2025 20:44 4 baxış
IMG

Özbəkistan Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) ilə birgə layihə çərçivəsində neft məhsullarının idxalından imtina etməyi planlaşdırır.

"Report"un məlumatına görə, bu barədə "Özbəkneftqaz" şirkətinin İdarə Heyətinin sədri Baxodirjon Sidikov yerli televiziya kanalına müsahibəsində bildirib.

Onun sözlərinə görə, SOCAR ilə layihə Qaraqalpakstanın Üstyurt bölgəsində həyata keçirilir və faydalı qazıntıların kəşfiyyatı və hasilatını əhatə edir: "Birinci mərhələ çərçivəsində çöl işlərinə başlayırıq, seysmik kəşfiyyat işləri start götürür. Özbəkistan və Azərbaycan prezidentlərinin tapşırıqlarına uyğun olaraq praktiki addımlar sürətlənir. Bu layihəyə böyük ümidlər bəsləyirik. Hətta minimal ssenaridə belə, bu, neft məhsullarının idxalından imtina etməyə kömək edəcək".

Azərbaycan energetika naziri Pərviz Şahbazov Üstyurt regionunda karbohidrogenlərin kəşfiyyatı və gələcək hasilatı üçün ciddi seysmik işlərin başladığını təsdiqləyib.

Xatırladaq ki, 2025-ci il iyulun 24-də Özbəkistanın Energetika Nazirliyi, SOCAR və "Özbəkneftqaz" Üstyurt neft-qaz regionunun investisiya bloklarında (Boyterak, Terenqquduq, Birqori, Xaroy, Qoraqalpoq və Qulboy) geoloji kəşfiyyat işlərinin aparılmasını və sonrakı karbohidrogen hasilatını nəzərdə tutan hasilatın pay bölgüsü sazişini imzalayıblar.

Eyni zamanda, dekabrın əvvəlində Daşkənddə geoloji kəşfiyyat və karbohidrogenlərin hasilatı ilə məşğul olacaq "Ustyurt Operating Company" birgə şirkətinin ofisi açılıb. SOCAR geoloji kəşfiyyat işlərinin aparılması mərhələsində operator qismində çıxış edəcək.

Sazişin şərtlərinə uyğun olaraq, ən azı min kv. km sahədə 3D seysmik kəşfiyyat işlərin aparılması və nəticələrə əsasən bir quyuda geoloji kəşfiyyat işlərinə başlanılması planlaşdırılır.

Proqnozlara görə, "Üstyurt" bloklarında 100 milyon ton neft və 35 milyard kubmetr təbii qaz ehtiyatı olan yataq tapıla bilər. Layihə işə salındıqdan sonra Üstyurt yaylasında ildə 5 milyon ton neft hasil etmək imkanının yaranacağı güman edilir. Layihəyə ümumi investisiya 2 milyard ABŞ dolları məbləğində qiymətləndirilir.

"Özbəkneftqaz" SC İdarə Heyətinin sədri Bahodirjon Sidikov daha əvvəl "Report"a verdiyi müsahibədə bildirmişdi ki, Özbəkistanın Üstyurt regionundakı investisiya bloklarında geoloji-kəşfiyyat işlərinə 2026-cı ilin birinci rübündə başlanılması planlaşdırılır.

Xəbər lenti