IMG-LOGO

Yeni ili restoranda keçirmək üçün nə qədər pul lazımdır? - ARAŞDIRMA

10.12.2025 18:09 4 baxış
IMG
Yeni ili restoranda keçirmək üçün nə qədər pul lazımdır? - ARAŞDIRMA 0 0

Bir çox insan Yeni ili evdə yox, restoranda qarşılamağı sevir. Lakin məkana, menyuya və ünvana görə qiymətlər dəyişir.

Bəs görəsən, bu il 31 dekabr gecəsi Bakı restoranlarında 1 nəfərlik depozit qiyməti nə qədərdir?

Lent.az-ın paytaxtın tanınmış restoranları ilə apardığı araşdırmaya əsasən, mərkəzi hissələrdə 31 dekabr gecəsi üçün rezervasiya adambaşı 100-200 manat depozit aralığındadır.

Buraya soyuq və isti qəlyanaltılar, salatlar, isti yeməklər, şirniyyatlar, meyvə, alkoqolsuz və alkoqollu içkilər, həmçinin gecənin unudulmazı canlı insrumental musiqi və bəzi tanınmış simaların ifaları daxildir. Xüsusən Yeni il atəşfəşanlığının göründüyü məkanlarda qiymətlər 130 manatdan başlayır. 100-200 manat civarındakı menyu qiymətləri əsasən Dənizkənarı bulvar və Bayıl ərazilərindəki restoranlara şamil edilir.

Yeni ili restoranlarda yox, şadlıq saraylarının premium zallarında qeyd etmək isə adambaşı 300-500 manata başa gəlir. Bu qiymətlər ən tanınmış şadlıq saraylarına şamil edilir. Onların əsas fərqi isə məşhur müğənnilərlə canlı musiqi və limitsiz menyu seçimidir.

Bibiheybət ərazisindəki restoranlarda da qiymətlər mərkəzi yerlərdəki ilə demək olar ki, eynidir. Restoranların zallarına görə 140-250 manat aralığında menyular təklif olunur. Əlbəttə, buraya da xüsusi şou proqram və sürpriz qonaqlar daxildir.  

Daha münasib qiymətli, çox məşhur olmayan restoranlarda da Yeni ili qeyd edə bilərsiniz. Belə ki, İçərişəhərdə yerləşən daha az büdcəli, lakin canlı musiqisi olan restoranlarda 31 dekabr üçün rezervasiya etmək mümkündür. Lakin həmin restoranlar indidən qeydiyyat apardıqları üçün yerlərin məhdud sayda olduğunu bildirirlər. Burada qiymətlər 50 manatdan başlayır.

Yasamal rayonu ərazisində yerləşən restoranlarda isə qiymətlər gecənin qonağından (müğənni) asılı olaraq dəyişir. Orta hesabla 80-130 manatlıq menyular buradakı restoranlar üçün keçərlidir.

Bu il Bakıda Yeni ili restoranda qarşılamaq üçün tələb olunan məbləğ seçdiyiniz məkanın statusu, ünvanı depozitə daxil edilən proqramın zənginliyindən asılıdır. Amma ümumilikdə götürdükdə, Yeni il gecəsini restoranda qeyd etmək istəyən cütlüklərə minimum 100-120 manat büdcə lazımdır. Ən önəmlisi isə rezervasiya üçün indidən müraciət etmək tələb olunur.

Yeni il restoran Yeni ili restoranda qeyd etmək Bakıda restoran qiymətləri

Xəbər lenti