Bu ilin yanvar-noyabr aylarında Azərbaycanda sənaye müəssisələri və bu sahədə fəaliyyət göstərən fərdi sahibkarlar tərəfindən 57,5 milyard manatlıq və ya əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 1,1 % az sənaye məhsulu istehsal edilib.
Bu barədə "Report"a Dövlət Statistika Komitəsindən məlumat verilib.
Bildirilib ki, neft-qaz sektorunda məhsul istehsalı 2,1 faiz azalıb, qeyri neft-qaz sektorunda isə 4,8 % artıb.
Sənaye məhsulunun 60,6 %-i mədənçıxarma sektorunda, 33 %-i emal sektorunda, 5,4 %-i elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sektorunda, 1 %-i isə su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorunda istehsal olunub.
Mədənçıxarma sektorunda əmtəəlik neft hasilatı 4,7 % azalıb, əmtəəlik qaz hasilatı isə 1,1 % artıb.
Emal sektorunda əczaçılıq məhsullarının istehsalı 94,9 %, ağacın emalı və ağacdan məmulatların istehsalı 60,9 %, kompüter, elektron və optik məhsulların istehsalı 49,9 %, toxuculuq sənayesi məhsullarının istehsalı 27,1 %, rezin və plastik kütlə məmulatlarının istehsalı 13,7 %, tütün məmulatlarının istehsalı 13,2 %, qida məhsullarının istehsalı 9,8 %, neft məhsullarının istehsalı 9,6 %, kimya sənayesi məhsullarının istehsalı 8,7 % artıb, içkilərin istehsalı 1,6 %, tikinti materiallarının istehsalı 3,4 %, maşın və avadanlıqların quraşdırılması və təmiri işləri 4,3 %, metallurgiya sənayesi məhsullarının istehsalı 8,6 %, maşın və avadanlıqların istehsalı 8,7 %, hazır metal məmulatlarının istehsalı 9,7 %, mebel istehsalı 10 %, elektrik avadanlıqlarının istehsalı 11,2 %, poliqrafiya məhsullarının istehsalı 18,7 %, dəri və dəri məmulatlarının, ayaqqabıların istehsalı 19,9 %, geyim istehsalı 20 %, kağız və karton istehsalı 26,2 %, avtomobil, qoşqu və yarımqoşquların istehsalı 33,9 % azalıb.
Elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sektorunda istehsalın həcmi 0,9 %, su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorunda isə 3,3 % artıb.