İnternet zəmanəsinə qədəm basandan televiziyalar öz yerini sosial şəbəkələrə uduzmaqdadır. İzləyici kütləsini itirməmək üçün hər yola baş vuran telekanallar hər gün daha çox tənqid olunur, daha çox izləyici itirir.
Daha ciddi şəkildə proqramlar hazırlayan, televizya ənənələrini qoruyub saxlamağa çalışan AzTV Mədəniyyət və İTV kimi kanallarımızın isə izləyici kütləsi azdır.
Son zamanlar hətta parlament nümayəndələrimiz tərəfindən özəl kanallarda yayımlanan ictimai sosial proqramların yığışdırılması barədə təkliflər səsləndirilir. Hər nə qədər tənqid olunsa da, bu proqramların böyük reytinqi və izləyici kütləsi var. Xalqın çox nümayəndəsi öz probleminin həllini Elgizin, Xoşqədəmin, Zaurun proqramına çıxmaqda görür. Deyək ki, bu verilişlər ləğv edildi. Bəs özəl kanalların reytinq toplaması, yaşaya bilməsi üçün hansı çıxış yolu var? Nə təklif etmək olar?
Lent.az bu sualla tanınmış telejurnalistlərə, İlqar Əlfioğluna və İlhamiyyə Rzaya müraciət edir. İlqar Əlfioğlunun fikrinə görə, telekanallar artıq geriyə yolu olmayan bir istiqamətə giriblər.
“Azərbaycanlıları "Tik-Tok milləti" olmaqdan, televiziyalarımızı "Tik-tok televiziyası" olmaqdan ancaq dövlət xilas edə bilər. Qəti tədbirlər görmək lazımdır. Bu işdə güclü repressiyalara ehtiyac var, çünki ölünu özbaşına qoysan, kəfənini batıracaq.
Sovet vaxtı televizorda kütlə dövlətin lazım bildiyi kontentə baxırdı. Kütlə yenə həmin kütlədir. Sadəcə o vaxt televiziya kütlənin istədiyini yox, məsləhət bildiyi ağıllı şeyləri göstərirdi, xalqın da alternativi yox idi, məcburən baxır, qaşıq-qaşıq ağıllanırdı. İndi camaatın əlinə fürsət düşüb, qarnına çörək almağa pulu olmayanlar internetə pul tapır və istədiyi şəkildə istədiyini nümayiş etdirir. O qədər yüngül proqramlarla insanları alışdırdılar, indi ağıllı, maarifləndirici proqrama baxmağa cəmi 1-2 faiz insanın hövsələsi çatır.
Bir kanalda Ramiz Rövşənin, Rafiq Əliyevin söhbətlərini, digərində filan məşhurun neçənci dəfə ərindən boşanması xəbərini göstərsinlər, alimə, şairə heç kim baxmayacaq.
Bu gün Murad Dadaşov, Vado Korovin kimi özəl kanalların rəhbərləri yaxşı və pisin nə olduğunu bilmirlər? Çox yaxşı bilirlər. Sadəcə onlar onu da yaxşı bilirlər ki, belə proqramlar olmasa, gərək kanal bağlana. Dövlət dəstəyi yoxdur. Dövlət hər kanala pul ayırıb, güclü senzura qoysa, problem başdan həllini tapar. Sistemli şəkildə dəyişilməli, qanunvericiliklə tənzimlənməlidir. Senzuradan kənar bir cümləyə görə bir dəfə cərimələnsə, o kanal ikinci dəfə eyni xətaya yol verməz.
Televiziyaları qınamayın, məncə, ayrı-ayrı yarıtmaz qurumlarımız kimi onlar da "supermarket dəstəyi"lə işləyirlər. Dövlət bu məsələdə tam nəzarəti ələ almalıdır. Yoxsa zəif intellektli bir xalqla nə iş görmək olar, mən bilmirəm. İndiki durum xalqın beyninin və mənəviyyatının korroziyasına aparır”- deyə o bildirib.
İlhamiyyə Rza isə hesab edir ki, maarifləndirici proqramların hazırlanmasına yaxşı vəsait ayrılsa, onların da izlənmə səviyyəsi yüksək olacaq.
“Kim deyir ki, maarifləndirici verilişlər baxılmayacaq, reytinq gətirməyəcək? Sən bayağı və ziyanlı verilişə qoyduğun xərci bura qoysan, dəstək versən, hallandırsan baxan olmayacaq? Bunu deyənlər öz bacarıqsızlıqlarına haqq qazandırmaq üçün deyirlər”,- deyə o bildirib.
İlhamiyyə Rza əmindir ki, keyfiyyətli veriliş mütləq reytinq qətirəcək.
“Tələbi yaradan təklifdir. Təklif edilir, seçim verilmir. İzah edim. Əyləncə verilişinə qoyulan xərc maarifləndirici verilişə də qoyulsa, kim deyir ki, reytinq olmayacaq? Bu yaxınlarda Həmid Herişçinin bir müsahibəsindəki fikri televiziya müstəvisinə gətirim. Fikir təxminən belə idi "Biz dünya səviyyəsində bədii əsər yaratmaq istəyirik, amma onu yazacaq müəllifi yetişdirilməsinə xərc qoymuruq. İstənilən idmançının formalaşması üçün qoyulan xərcin heç olmasa yarısı ədəbiyyat istiqamətinə qoyulsaydı, böyük nəticələr olardı". Bu fikir televiziyaya da aiddir. Bu gün gənc jurnalist görür ki, seçilmək üçün peşəkarlıq, mədəniyyət yox, tərbiyəsiz, həyasız və "piyada" olmaq lazım imiş. Əksini necə sübut edə bilərsiniz ona? Aşıq gördüyünü çağırar. Mən əminəm ki, reytinq məsələsi daha çox TV rəhbərlərinin özü üçün bir bəhanədir, bütün uğursuzluqlarını tamaşaçının, kütlənin adına yazmaq üçündür. Bunlar bizi inandırmaq istəyirlər ki, məzmunlu, zövqlü, orijinal bir TV məhsulu hazırlamaq ona görə mümkün deyil ki, tamaşaçı bunu istəmir. İnandırım sizi, o özü də buna inanmır, nəinki eşidənlər. Birdəfəlik çıxsınlar desinlər ki, əşi bu bizim biznesimizdir, nə istəyirsiniz bizdən, qoyun pulumuzu qazanaq. Gənc nəsli tərbiyə etmək ata-ananın və məktəbin işidir, bizim işimizsə, tərbiyə vermək yox, pozmaqdır. Əsas odur, pul gəlsin”.
Mütəxəssis rəyini dinlədik, insanlar hər nə qədər maraq göstərsə də, teleməkan toyxana, qiybətxana olmamalıdır. Çox arzu edilirsə, bunun üçün ayrıca bir kanal olmalıdır. Ümumilikdə, isə xoş, naxoş evlərimizə girmiş ən böyük təbliğatçıya sadəcə pul maşını kimi baxılsa çox şey itirmiş olacağıq.