İspaniyanın "Barselona" klubunun futbolçusu Ferran Torres UEFA Çempionlar Liqasında (ÇL) Lionel Messinin nailiyyətini təkrarlayıb.
"Report"un məlumatına görə, 24 yaşlı vinger buna Almaniyada Dortmund "Borussiya"sına qalib gəldikləri görüşdə (3:2) dubl etməklə nail olub.
O, Kataloniya təmsilçisinin tarixində ÇL-də sonradan oyuna girərək iki qol vuran dördüncü oyunçudur. 71-ci dəqiqədə Robert Levandovskini əvəzləyən F.Torres 75 və 85-ci dəqiqələrdə rəqib qapısına yol tapıb.
Qeyd edək ki, daha əvvəl "Barselona"da 2008-ci ildə Lionel Messi ("Şaxtyor"la matçda), 2012-ci ildə Kristian Telyo ("Bayer 04"lə oyunda), 2015-ci ildə isə İvan Rakitiç (BATE ilə görüşdə) bunu bacarıb.
Bizim Telegram kanalımıza abunə olun