Hazırda yaxşı heyətimiz var, komanda bir çox rəqiblərlə başabaş oynaya bilər.
Bunu “Report”a açıqlamasında Azərbaycanın U-18 millisinin baş məşqçisi Füzuli Məmmədov komandanın Qəbələdə baş tutan 8 günlük təlim-məşq toplanışını dəyərləndirərkən deyib.
Mütəxəssis bəzi futbolçulardan gözləntilərinin daha çox olduğunu söyləyib:
“8 günlük toplanış oldu. İki oyun keçirdik. Biri U-18-in futbolçuları arasında, digəri “Qəbələ”yə qarşı oldu. Toplanışdan tam olmasa da, razı qaldım. "Qəbələ" ilə yoxlama matçında futbolçular əzmkarlıq göstərdilər. Bəzi futbolçulardan gözləntilərimiz daha çoxdur. Bu səbəbdən onlara "artırmaları" üçün üzərlərində daha çox işləmələrini tapşırmışıq".
Baş məşqçi hazırda U-18-in yaxşı heyətinin olduğunu bildirib:
“U-19 yığmasına dəvət alan futbolçuları toplanışa çağırmırıq. Çünki onların fərdi keyfiyyətlərindən tam xəbərimiz var. Çalışırıq ki, bu heyət daxilində rəqabəti artıraq. Böyük siyahımız var, inkişafda olan futbolçuları milliyə dəvət edirik. Onları həm planımızla tanış edirik, həm də yoxlayırıq. Toplanış zamanı görünürdü ki, futbolçular bir qədər hazırlıqsızdırlar. Ola bilər çempionatın başlanğıcıdır deyə belədir. Tam istədiyimiz səviyyədə deyildilər. Amma tapşırıqları yerinə yetirmək, oyunlarda özlərini göstərmək istəyi hiss olunurdu. Komandanın oyun zamanı tapşırıqları necə həyata keçirməsinə diqqət yetirdik və bəzi futbolçuları bəyəndik. Onları birinci heyətə qatacağıq”.
F.Məmmədov qarşıdakı planlardan da danışıb:
“Komanda gələn ay Monteneqroda iki beynəlxalq yoldaşlıq matçı keçirəcək. UEFA 18 yaşadək futbolçular arasında rəsmi turnir keçirmir. Buna baxmayaraq, komandalar yoldaşlıq matçlarında güclərini sınayırlar”.
Qeyd edək ki, U-18 toplanış zamanı "Qəbələ" ilə yoldaşlıq matçında heç-heçə (1:1) edib.
Bizim WhatsApp kanalımıza abunə olun