BMT Baş katibi Antoniu Quterreş təşkilatın Təhlükəsizlik Şurasında (TŞ) vetodan istifadə imkanının ləğvi ehtimalına şübhə ilə yanaşıb.
“Report” Rusiya KİV-ə istinadən xəbər verir ki, bu barədə o, BMT-nin mənzil-qərargahında keçirdiyi mətbuat konfransında bildirib.
“Vetodan istifadə təcrübəsini sevdiyimi düşünürsünüzsə, bu, belə deyil. Vetonun ləğvinə əmin olduğumu desəm, yalan danışaram”, - o deyib.
Onun sözlərinə görə, BMT TŞ-nin yeni daimi üzvlərlə genişləndirilməsi ilə bağlı razılığa gəlmək vetonun ləğvi üzrə razılaşmadan daha asandır.
Quterreş qeyd edib ki, TŞ-nin genişləndirilməsi, eləcə də şurada prosedurların şəffaflığının artırılması və Baş Assambleyanın rolunun gücləndirilməsi məsələlərində irəliləyişə ümid edir.
“Lakin mən vetonun ləğvinin mümkünlüyünə şübhə ilə yanaşıram”, - Baş katib vurğulayıb.
Bizim WhatsApp kanalımıza abunə olun